Biri var idi, biri yox idi. Qarlı təpələri...
Tamerlan anası ilə məktəbə tələsirdi. Dərsin başlanmasına lap az qalmışdı. Elə bu vaxt onlar yolun tən ortasında çabalayan bir pişik balası gördülər. Tez ona yaxınlaşdılar. Ana pişiyi əlinə götürdü:
– Vay, vay, niyə bu günə düşmüsən?
Bala pişiyin hər yerinə qurumuş çör-çöp yapışmışdı. Gözlərini yara basmışdı. Diqqətlə baxanda heç gözə oxşamırdı. Tamerlan ağlamsındı:
– Ana, gəl aparaq evimizə!
– Yox, yox, həkimə aparmaq lazımdı. Qoy səni məktəbə qoyum...
Pişik balası qımıldanmırdı.
– Bəlkə də, necə gündür acdır. – deyə Tamerlan dilləndi. O, ağlamsınaraq: – Ana, nə olar, bu pişiyi evimizə aparaq, mənim heç pişiyim yoxdu! Həm də onun evi yoxdu, bizimlə yaşayar, bir evi olar.
– Hə, əlbəttə, bala pişiyi köməksiz qoymaq olmaz. Amma ilk olaraq həkimə göstərək, hər şey yolunda olsa, evimizə apararıq. Anası Tamerlanı məktəbə qoydu. Cəld bir taksi çağırıb pişik balasını baytara apardı. Cavan bir xanım heyvanlara çox nəvazişlə qayğı göstərirdi. O, Tamerlanın anasını da mehribanlıqla qarşıladı. Pişik balasını cəld onun əlindən alıb dedi:
– Yəqin, küçədən tapmısız, çör-çöpə bax, yapışıb tüklərinə.
– Siz gözlərinə dərman yazın, aparıb evdə yuyunduraram.
Həkim gülümsündü:
– Nə yaxşı sizin kimi xeyirxah insanlar var!
Bala pişik həkimin qucağında vurnuxurdu. Həkim onu müayinə etməyə apardı. Tamerlanın anası çox gözlədi. Öz-özünə düşündü: “Görəsən, sağalacaqmı, başqa problemləri olmayacaq?! Tamerlan indi səbirsizliklə onu gözləyir”. Bu gün uşaqların sevimlisi Tomi dərs zamanı çox kədərli görünürdü. Əvvəlki şən, zarafatcıl Tomidən əsər-əlamət qalmamışdı. Zeynəb müəllimə onu heç vaxt belə qəmli görməmişdi. Odur ki, özünü saxlaya bilməyib dedi:
– Tamerlan, nə olub sənə, xəstələnmisən?
Tamerlan ehmalca ayağa qalxdı:
– Yox, müəllimə, xəstə deyiləm.
– Bəs nə olub?
Tamerlan qəhərlənə-qəhərlənə:
– Bayaq məktəbə gələndə bala pişik gördüm. Gözləri yara idi. Bədəni çör-çöp. Anam onu xəstəxanaya apardı. Görəsən, sağalacaq?
Zeynəb müəllimə gülümsəyərək dedi:
– Əlbəttə, sağalacaq. Pişik sənin kimi xeyirxaha rast gəlibsə, necə sağalmaya bilər.
Həmin gün Zeynəb müəllimə Tamerlanın və anasının xeyirxahlığından uşaqlara da danışdı. O dedi ki, heyvanlar təbiətin ayrılmaz hissəsidir. Onlar da bizim kimi canlıdır. Hər birimiz onları qorumalıyıq. Artıq dərs qurtarmışdı. Tamerlan evə tələsirdi. Çantasını tez götürüb məktəbin qapısına qaçdı ki, bəlkə, anası bala pişiklə gəlib onu gözləyir. Ancaq gördü ki, atası qapıda dayanıb.
– Ata, ata, bala pişiyi gördün?
– Yox, işdən gəlirəm. Hansı pişikdən danışırsan?
– Neçə saatdı, xəbərsizəm ondan. Görəsən, sağaldımı?
Tomi səhərki əhvalatı atasına danışdı. Atası dedi:
– Darıxma, Tomi, indi evə gedib öyrənərik.
Tomi cəld hoppanıb maşına mindi. Ata maşını işə saldı və onlar evə tərəf yollandılar. Tomi bir yerdə qərar tutmurdu. Səhər gördüyü mənzərə gözü önündən getmirdi. “Görəsən, pişiyin anası yoxdu? Bəlkə, günlərdi dilinə yemək, su dəymir?” Bu sualları düşünə-düşünə bir də gördü, çatdılar evə. Tomi maşından elə sürətlə düşdü ki. Bir anda özünü evə atdı. O, evə girəndə anası işarə elədi ki, sakit ol, pişik yatır. Tomi barmaqlarının ucunda yeriyərək sakitcə bala pişiyə yaxınlaşdı. Bala pişik divanda yatırdı. Səhərki halından əsər-əlamət yox idi. Pıçıltı ilə:
– Ana, bala pişiyi çimizdirdin?
–Həə, gələn kimi.
– Yemək yedi?
–Hə, elə ac idi ki. Bir az süd içdi, sonra da yemək yedi. Tominin sevincinin həddi-hüdudu yox idi. Gah sevinclə anasına, gah da divanda xumarlana-xumarlana yatan pişiyə baxırdı. Pişiyin əvvəlki xəstə halından əsər-əlamət qalmamışdı. Tomi anasın qucaqlayıb çoxlu öpdü. Anası dedi:
– Narahat olma, həkim dərman yazıb, 3-4 günə gözləri də sağalacaq.
– Doğurdan?
–Bəs nə, Tomi, elə tez sağalacaq ki.
Günlər bir-birini əvəz etdikcə pala pişik də yavaş-yavaş sağalırdı. Artıq gözlərindəki yaralardan əsər-əlamət qalmamışdı. Pişik də Tomini çox sevməyə başlamışdı. Ona elə öyrəşmişdi ki, Tomi dərsdə olanda sanki onun yolunu gözləyirmiş kimi, uzanıb qapıya baxırdı. Bala pişiyə ad da qoymuşdu Tomi. O qədər ora-bura tullanırdı ki, Şimşək adı vermişdi ona. Şimşək çox xoşbəxt bir pişik olmuşdu. Onunla Tominin günləri şən keçirdi. Gah qaçdı-tutdu oynayır, gah da ağaca dırmaşırdılar. Şimşək çox vaxt elə yüksəkliyə qalxırdı ki, düşə bilmirdi. Miyoldaya-miyoldaya sanki Tomidən yardım istəyirdi. Tomi uğunub gedirdi gülməkdən. Köməyə Tominin atası gəlirdi. Hündür nərdivanı ağaca söykəyib qalxır və pişiyi aşağı düşürürdü. Tomi dostlarına Şimşəyin şıltaq hərəkətlərindən danışmaqdan zövq alırdı...Onun sayəsində digər uşaqlar də heyvansevər olmuşdular. Tomi anasına deyirdi ki, heç biməzdim, heyvan insana bu qədər öyrəşər. Necə oldu ki, biz onunla yaxşı dost olduq. Anası cavab verirdi ki, o sənin mərhəmətin sayəsində sənə etibar etdi, öyrəşdi, səni sevdi.
Fikriniz
0
0