Ay səni, tülkü lələ...

Tülkü gözəl bir parçadan torba tikmişdi. Tez-tez bu torbanı götürüb toyuq hinlərinə hücum çəkər, yazıq toyuqları boğub torbasına doldurardı. Sonra meşədəki yuvasına çəkilərdi. Orada xımır-xımır yeyərdi. Bəh-bəh deyə-deyə...

Bu gün yenə ac olduğu üçün torbasını doldurmaq qərarına gəlir. Səliqə ilə qatlayıb yuvasında gizlətdiyi çox sevdiyi güllü torbanı götürdü, iyləyib bağrına basdı:

– Bəh-bəh, lap darıxdım toyuqlar üçün.

Ağzı elə sulandı, elə sulandı ki, ətrafa baxıb yeməyə bir şey axtardı. Lakin yuvada yeməyə heç nə yox idi. 

– Torbanı yenə doldurmaq vaxtı gəlib, – deyərək kəndə tərəf yola düzəldi. Kefi kök halda mahnı zümzümə edirdi:

Toyuqlar, ay toyuqlar,

Sizə çoxlu sözüm var.

Ətiniz çox dadlıdır,

Elə bil ki, ballıdır.

Sizi bir-bir tutacam,

Dişlərimə çəkəcəm.

 

Tülkü kəndin kənarındakı evin həyətinə soxuldu. Ehmalca ətrafa boylandı. Sakitçilik idi. Gözləri ilə hini axtardı.

–          Aha, budur, tapdım, – deyib sevindi. Çox sürətlə irəli şığıdı və özünü hinə saldı. Bura bir vəlvələ düşdü ki, gəl görəsən. Toyuqları tutub bir-bir torbasına basdı. Toyuqlar ucadan qaqqıldayır, canlarını qurtarmağa çalışırdı. Birdən xoruz hoppanıb tülküyə elə bir dimdik vurdu ki, şələquyruğun huşu başından çıxdı. Yerə sərələnən kimi torbanı buraxdı və içindəki toyuqlar sevinə-sevinə çıxıb qaçmağa başladılar. Xoruz:

– Tez olun, fərələr, tez olun, hamınız dimdikləyin bu yaramazı.

Toyuqlar himə bənd imiş. Tökülüşüb tülkünü bir günə qoydular ki, gəl görəsən.

Tülkü var gücünü toplayıb ayağa qaxdı. Sivişib aradan çıxmağa yollar axtarırdı. Birtəhər canını qurtarmağı bacardı. Amma sevimli torbası hində qaldı. Toyuqlar o ki var, güldülər. Qaqqıltıları ətrafı bürümüşdü. Tülkü yaxınlıqdakı dağa çıxdı. Oradan pərişan halda hüzn dolu səslə:

– Heç olmasa, torbamı, mənim güllü parçamı verin, nə olar?

Xoruz gülməkdən yaşarmış gözlərini silib dedi:

– Verən deyiləm. Bu parçadan toyuqlara don tikdirəcəm.

Tülkü üzüntülü halda yuvasına tərəf getdi. Çox kədərli idi. Həm əliboş qayıtmış, həm də sevimli torbasını itirmişdi. Yenə mahnı zümzümə etməyə başladı:

Getdim toyuq ətinə,

İşim düşdü çətinə.

Xoruz sanki qurd olmuş,

Toyuqlar da çoxbilmiş.

Aman, a güllü torbam,

Heyif o güllü parçam...