Yaxınını itirən uşağa necə kömək etmək olar?

Yaxınını itirən uşağa necə kömək etmək olar?

İlk öncə onu demək lazımdır ki, hər birimiz həyatda yaxın və ya uzaq qohumluq, tanışlıq əlaqəsi olan insanların dünyasını dəyişməsi ilə (ölümü, vəfat etməsi) qarşılaşa bilərik. Təbii ki, müxtəlif yaş dövrlərində insanlar kədəri fərqli yaşayırlar. Ancaq bu mövzu ilə bağlı uşaqların həssasiyyəti daha müxtəlifdir. Çünki uşaqların kədəri yaşama forması dəyişkəndir. Onlar öz xarici davranışları, hərəkətləri ilə daxildə yaşadıqları itki hissi barədə xəbər verici əlamətlər göstərməyə bilərlər. Bu məqam diqqətimizdən kənar qalarsa, uşağın həyatında uzunmüddətlipsixoloji fəsadlara səbəb ola bilər. Bu vəziyyətdə olan uşaqlara düzgün yanaşmaq üçün bəzi sualların cavablarını bilməliyik. 

Yaxınını itirmiş uşaq hansı hissləri yaşayır?

Uşaq yaxın insanın gözlənilən (uzunmüddətli xəstəlik və s.) və gözlənilməyən  (qəza, qəfil və s.) itkisi ilə qarşılaşa bilər. Təbii ki, qəfil ölüm uşaq üçün daha təsirli və travmatik olur. O zaman uşaqda dünyaya qarşı müdafiəsizlik hissi yaranır. Belə bir hissin təsirini yumuşaltmaq üçün qabaqlayıcı addım kimi uşağın günlük rejimini nəzarətdə saxlamaq lazımdır. O, gün ərzində həmişəki vaxtlarda qidalanmalı, oyun və gəzintidə iştirak etməlidir. Qeyd edilən məqamların itkidən öncə olduğu kimi eyni vaxtlarda keçirilməsi onda qorunmuş, özünəinam hissinin yaradılmasına imkan verir, həmçinin həyəcanın azalmasına səbəb olur.

Valideynin (və ya digər yaxın insanın) ölümündən sonra uşaqlarda günahkarlıq hissi yarana bilər. Buna səbəb uşağı təşvişə salan, özünü günahkar hiss etməsinə səbəb olan vaxtilə eşitdiyi “Özünü pis aparsan, mən gedəcəm və qayıtmayacam”, “Sözümə qulaq asmasan, nənə ilə qalacaqsan” fikirləridir. Xüsusilə valideyn itkisi ilə rastlaşan uşaq ona deyilmiş bu fikirlərdən belə qənaətə gəlir ki, anam (və ya ata) mən özümü pis apardığıma görə getdi.

Kədərlənmənin mərhələləri

İnsan itki ilə rastlaşanda müəyyən kədərlənmə mərhələlərindən keçir. İlkin mərhələ hadisənin inkar edilməsidir.Bu zaman uşaq hadisənin sanki onun başına gəlmədiyi barədədüşünür.

Sövdələşmə mərhələsi uşağın daxilində yaranmış növbəti fikirləri ehtiva edir: “Əgər mən yaxşı oxusam (yaxud özümü yaxşı aparsam), anam (atam) geri qayıdacaq”. Bununla uşaq həyatında baş verən hadisələri nəzarətdə saxlamaq istəyir.

Növbəti depressiya mərhələsidir ki, böyüklər çox vaxt bu mərhələdə olan uşağın davranışlarını (ağlamaq, kədərlənmək) normal hesab edirlər, lakin kədərdən kədərə fərq var. Böyüklər uşağı təsəlli etməyə çalışsa da (“sakitləş, ağlamaq lazım deyil, hər şey yaxşıdır”), ancaq bu zaman mənfi emosiyalar daha da ciddiləşir, çünki uşaqda belə təəssürat yaranır ki, onu dinləmirlər, hisslərinə şərik olmurlar.

Daha sonra qəbul etmə və barışma mərhələsi başlayır. Uşaq bu zaman tam olaraq nə baş verdiyini və itkinin əbədi olduğunu anlayır. Lakin bu o demək deyil ki, uşaq daha itkinin acısını hiss etmir, bu hiss hələ də davam edir.

Kədərlənmənin sonuncu mərhələsində isə uşağın vəfat etmiş insansız yeni həyata başlaması öz əksini tapır. Fiziki və psixoloji olaraq uşaq yeni şərtlər altında yaşamağa uyğunlaşır. Artıq həyatında öncəki dövrün başa çatdığını və yeni dövrün başladığını anlayır.

Nə etmək olar? 

Düzünü danışmaq və xəbəri uşağa etibar etdiyi yaxın şəxs vasitəsilə, sakit şəraitdə, söyləmək olduqca önəmlidir. “Sən yenə də mənim oğlum (qızım) olacaqsan”, “Bir yerdə olacağıq”, “Mən həyatımızın uzun və xoşbəxt olması üçün əlimdən gələni edəcəm” kimi cümlələrdən isə uşaq sizə “Mən öləcəm?”, “Sən də öləcəksən?” kimi suallar verdikdə istifədə etmək olar.

Dəfn mərasimində uşaq iştirak etməlidirmi?

Burada bir neçə məqama diqqət yetirmək lazımdır. Birinci, uşağın digər yaxınlarının dəfn zamanı özünü necə aparacağı, nəzərə alınmalıdır. Əgər uşağın digər yaxınları proses əsnasında kəskin stress vəziyyətini yaşayacaqlarsa, şüurunu itirmə, ürəyin getməsi kimi hallar müşahidə olunacaqsa, o zaman uşağın dəfndə iştirakı tövsiyə olunmur. Əgər dəfn nisbətən sakit keçirilsə, 4-5 yaşlı uşağın iştirakı mümkün olar. Çünki uşaq burada olmasa, daha sonra bu hadisələri ağlında başqa istiqamətdə təsəvvür edəcək və bu reallıqdan daha qorxulu ola bilər. 

Əgər uşaq bəzi səbəblərdən dəfn mərasimində iştirak edə bilməyibsə, o zaman bəzi art-metodikalardan istifadə edərək uşağa həmin durumu yaşamaq üçün kömək olmaq lazımdır. Bunun üçün şəkil çəkilir, uşağın səsi yazılır, yaxud məktub yazdırılır.

Uşağın istəyi varsa, onu dəfn yerinə aparmaq olar. Bu zaman ona belə bir mesaj “Yer olaraq o buradadır (qəbiristanlıqda), lakin o, həmişə bizim xatirələrimizdə yaşayacaq” ötürmək olar.