Uşaqla mütəmadi ünsiyyətin müxtəlif situasiyalarda vacibliyi

Övladlarınızın sizə hər zaman və hər bir halda tam etibar etmələri üçün öncədən şərait yaratmağınız olduqca vacibdir. Həyatda baş verən heç bir şey uşağınızın sizə danışmaq istədiyi səmimi hekayələri, bölüşmək istədiyi fəryadları, dərdləri, narahatlıqları, şübhələri və çətinlikləri qədər vacib ola bilməz. Sizinlə övladınız arasında düzgün qurulmuş ünsiyyət müxtəlif vəziyyətlərdə uşağınızın necə hərəkət edəcəyini müəyyən etmək üçün asan şərait yaradacaq. Buna görə də, nə qədər məşğul olsanız da, övladınız sizinlə nəyisə bölüşmək istəyirsə, onu uzaqlaşdırmayın. Hətta dayanmadan çox danışırsa, eyni şeyi dəfələrlə təkrar edirsə belə, onun dinlənilmək hüququnu məhdudlaşdırmayın.

Uşaq anası və ya atası ilə onu narahat edən bir şey haqqında danışmağa çalışırsa, laqeydliklə onu itələmək bağışlanmaz səhvdir və həm uşağa, həm də valideynə baha başa gələ bilər. Əksinə, uşaqları danışmağa, ünsiyyət qurmağa çağırmağı bacarmaq lazımdır. Bu cür söhbətlər zamanı öz uşaqlığınızdakı hadisələri xatırlamaq da yerinə düşər. Uşaqlar adətən belə xatirələrə cəld reaksiya verirlər: “Belə çıxır ki, mənim anam da mənim kimi balaca olub və onun da başına müxtəlif “dəhşətli” hekayələr gəlib”. Əgər uşağın çətin şəraitdə düzgün hərəkət etdiyini başa düşsəniz, onu tərifləməyi də unutmayın. Bu, onun gələcəkdə daha da inamlı olmasına kömək edəcək. Yaxud uşaq səhv bir şey edibsə, qışqırmağa, onu danlamağa ehtiyac yoxdur. Buraxdığı səhvi sakitcə izah edin və bunun mümkün nəticələri haqqında danışın. Yalnız uşaqla daimi təmasda olmaqla, onun qayğısına qalmaqla hər bir məqamı diqqətlə izləyə bilərsiniz. Ona "azadlıq" təmin etmək üçün ilk öncə çox etibar etmək lazımdır. Burada daha bir halı nəzərə almaq lazımdır. Əgər uşaq müəyyən bir çətinlikdə valideynləri ilə əlaqə saxlamırsa, onlara etibar etmirsə, o, başqa insanlardan anlayış gözləyir, haradasa dəstək axtarır. Bu zaman isə tez-tez "yaxşı" dayılar, əmilər yaxud xalalar rolunu oynayan cinayətkarlar vəziyyətdən sui-istifadə edirlər və övladınız tələyə düşür.

Mütəxəssislər müşahidə ediblər ki, uşaqlara qorxulu hekayələr danışaraq onu cinayətkar hücumlardan qorumağa çalışan valideynlər əks nəticə əldə ediblər. Bu onu göstərir ki, hər hansı cinayət məlumatını uşaqlara çatdırmaq effektiv nəticə vermir. Çətin, təhlükəli vəziyyətdə olan uşaq daha həssas olur, çünki ona aşılanan qorxu onu o qədər iflic edir ki, özbaşına heç nə edə bilmir. Qorxu uşağın intuisiyasını boğur, instinktiv olaraq düzgün reaksiyanı gizlədir. Odur ki, əgər uşaqlara bu və ya digər cinayət xarakterli məlumatlar verilirsə, o zaman bu, uşağa xəsarət yetirməyəcək sözlərlə ifadə edilməlidir, xüsusən də onun inkişaf etmiş təxəyyülü və həssas psixikası varsa.

“Təhlükəsiz” məlumatın məqsədində uşağa öz qabiliyyətlərinə inam yaratmaqda durur ki, o, müəyyən davranış qaydalarına ciddi əməl etsə, təhlükəli vəziyyətə düşməyəcək və bu baş verərsə, oradan çıxış yolu tapacaq.

Mütəxəssislər tövsiyə edir ki, uşaqlarınızı sistematik şəkildə məlumatlandırın. Təhlükəsiz davranışı öyrətmək uzun illərin işidir. Burada bir-iki söhbətlə, yaxud təhdidlə heç nəyə nail olmayacaqsınız. Hər bir təhlükəsiz davranış bacarığı tədricən işlənir. Uşağın dediyinizi başa düşüb-düşmədiyini yoxlayın. Düşüncəsində məntiqli olmayanı tapın. Artıq vurğulanıb ki, təhlükəsizlik qaydalarına əməl olunması avtomatik rejimə gətirilməlidir. Yalnız bundan sonra uşağın təhlükəsizliyinə zəmanət verilir.

Eyni zamanda müxtəlif öyrənmə formalarından istifadə etmək effektli ola bilər. Buraya balacalar üçün gəlinciklər və yumuşaq oyuncaqlarla oyunlar (kukla itib, başqasının dayısı kuklanı maşınla aparmaq istəyir və s.), daha böyük uşaqlar üçün isə uyğun səhnələrin (həm evdə, həm də küçədə) oynanılması, təhlükəli vəziyyətdə özünü düzgün aparan uşaqlar haqqında hekayələr, "əgər ... nə edərdin" kimi söhbətlər, öz uşaqlığınızdan olan xatirə hekayələri aid ola bilər.

Unutmayın! Uşaq sizdən - valideynlərdən nümunə götürür. Qoy nümunəniz uşağa hər yerdə intizamlı və düzgün davranışı öyrətsin.

 

Həmidova Xalidə

Pedaqoq