İdeal oğlan atası olmaq üçün 8 qayda

Uşağın inkişaf dövründə ata həm qız, həm də oğlan üçün güvən nümunəsidir. Uşağın ata ilə ünsiyyəti onun şəxsiyyət kimi formalaşmasına və sosial davranışlarına təsir edir, eyni zamanda xüsusilə gələcək həyatında öz kimliyini ifadə etməsi ata ilə münasibətə bağlıdır. Qız uşaqlarının həyatında anaların, oğlan uşaqlarında isə ataların nümunə yaratmaq müqayisəsi dəyişkəndir. Həmcins olaraq davam etdirilən münasibətlər sosial həyatda müsbət əhəmiyyətini göstərmiş olur.

Oğlan uşaqları ilə münasibətdə atalara tövsiyələr:

  1. Birlikdə zaman keçirin. Birlikdə zaman keçirməyi televizora baxmaq və ya söhbət etmək kimi düşünmək lazım deyil. Yaşa uyğun oyunlar oynamaq, kitab oxumaq və birlikdə gəzintiyə çıxmaq münasibətləri inkişaf etdirir. Ata ilə oğulun öz aralarında nələrisə bölüşməyi çox vacibdir.
  2. Nümunə olun. Uşağın inkşafında təməl davranışlar üçün nümunə olmaq lazımdır. Uşağın kitab oxumaq vərdişinə sahib olmağını istəyiriksə, evdə kiçik də olsa kitabxana və müntəzəm kitab oxumaq lazımdır. Uşağın pis vərdişlərdən uzaq durması üçün valideynlər özləri pis vərdişlərdən uzaq durmalıdırlar.
  3. İntizamı sevginizlə formalaşdırın. Sakit və ədalətli qərarlar verərək uşağın reaksiyalarını müşahidə edin. Uşağın müsbət davranışlarını mükafatlandırın. Mənfi davranışlarını müsbət davranışları ilə müqayisə edin.
  4. Bezmədən izah edin. Uşaqlar üçün nələrisə öyrənmək fərdi və fərqli prosesdir. Tədris etmək çətin olsa da, buna səbrlə yanaşın və onu ruhdan salmayın. Yaranmış bütün sualların cavablarının evdə olduğunu nümayiş etdirin.
  5. Şəxsiyyət kimi yanaşın. Səhv etməyin - onun təbii halı və haqqı olduğunu göstərin. Fikirlərini sonuna qədər dinləyin. Qərarlarına hörmət edin. Ona qarşı anlayışlı olduğunuzu ifadə edin. Uşaqlar onlara şəxsiyyət kimi yanaşanda səmimi olurlar.
  6. Özünə inam qazanmasına dəstək olun. Başqalarının qarşısında onu tənqid etməyin. Səhvlərinin yanında durun. Onu sevdiyinizi və ona dəyər verdiyinizi hiss etdirin. Ona həqiqəti öyrətmək üçün empatiya qurun. Onun da sizinlə empatiya qurmasına nail olun. Müsbət cəhətlərini göstərməsi üçün ona cəsarət verin.
  7. Sevginizi göstərin. Oğlan uşağına “Səni sevirəm” ifadəsini işlətməkdən çəkinməyin. Ona sevməyi öyrədin. Özünü və başqalarını sevməyi öyrədin ki, sevginin hər kəsin başa düşdüyü dil olduğunu dərk etsin. Sevginizi sözlə ifadə etməklə yanaşı, fiziki olaraq da göstərin, onu qucaqlayın. Həm fiziki, həm psixoloji inkişaf üçün sevgi ən güclü alətdir.
  8. Oğlunuzun anasına dəyər verin. Övladınız sevgini sizdən öyrənir. Uşağınızın anasına hörmət edin və ona sevgi ilə yanaşdığınızı göstərin. Uşağınızın qarşısında mübahisə etməyin. Bütün problemlərin müzakirə yolu ilə həlli olduğunu göstərin. Sizin anası ilə olan münasibətiniz onun əks cins ilə olan münasibətlərini tənzimləyəcək.

 

Rövşən Nəcəfov

Psixoloq