Hamiləlikdə yaşıl çay içmək olarmı?

Hamiləlikdə yaşıl çayın istifadəsinə diqqət yetirilməlidir. Ümumilikdə yaşıl çayın faydası çoxdur. Lakin gün ərzində normadan, yəni 1 və ya 2 paketdən artıq içilərsə, ziyanı da kifayət qədər ola bilər.

Hamiləlikdə yeyilən və içilən qidaların böyük əhəmiyyəti var. Yenidoğulacaq körpənin sağlamlığını düşünərək, bir çox qidalardan uzaq durmalıyıq. Ümumilikdə hamiləlik müddətində yaşıl çay içilə bilər. Bəzi fikirlərə görə yaşıl çay bədəndəki fol turşusuna təsir etdiyinə görə az miqdarda istifadə olunmalıdır. Bu səbəblədir ki, bir çox hallarda yaşıl çayı çox istifadə edən hamilələrdə fol turşusu və dəmir yetməzliyinə rast gəlinir.

Yaşıl çayın tərkibində yüksək miqdarda kofein olduğuna görə, hamiləlik vaxtı uzaq durmaq əlbəttə ki, daha yaxşı olar. Ümumiyyətlə çay içilməsi zamanı sorulma zəifləyir. Hamilə qadınlar yaşıl çaya qarşı çox diqqətli olmalıdırlar. Çaya nisbətən su miqdarı hər gün artırılmalıdır. Yaşıl çay mütəmadi istifadə edənlərdə vaxtından qabaq doğum təhlükəsi və qanaxmalar artır. Yaşıl çayın tərkibində iltihabəleyhinə maddə olduğu üçün ana qarnında olan uşağın da həyatı riskli ola bilər. Sonda onu bir daha qeyd etmək istərdik ki, bütün çaylar kimi yaşıl çay da dəmirin sorulmasını pisləşdirir. Belə ki, yaşıl çay dəmirin bağırsaqdan qana keçməsinin qarşısını alır.

Bitki çaylarının tərkibini tam bilmədiyimizdən, yaxşı olar ki, hamiləlik müddətində bu kimi çaylardan bir müddət uzaq durasınız. Əvəzində isə suyu daha çox istifadə etməyiniz tövsiyə olunur.