Uşaq inkişafında etdiyimiz xətalar və doğru addımlar

Uşaq inkişafının ən mühüm dövrlərindən olan 0-5 yaş arası dövr bu gün hamının diqqət mərkəzindədir. Bu dövr uşaq inkişafının açar/qızıl dövrü adlanır. Bütün gələcək bacarıqların əsası məhz bu dövrdə qoyulur.

Soruşa bilərsiniz, niyə məhz bu dövr?

Bu insanın inkişaf qanunauyğunluğu ilə əlaqədar olan bir prosesdir. Belə ki, 0-5 yaş dövründə beyində sinaps dediyimiz sinir yolları o qədər sürətlə qurulmağa başlayır ki, istər fiziki, istərsə də əqli bacarıqlar insan həyatının sonrakı heç bir dövründə bu dövrdə olduğu kimi sürətli inkişafa malik olmur. Bu dövrdə yaranmış aktiv hüceyrələr, sinir yolları gələcəkdə yeni və daha mürəkkəb fəaliyyətlər üçün istifadə edilir. Biz bu dövrdə uşağa inkişaf etmək üçün nə qədər çox stimul versək, nə qədər çox o sinir yollarını işlətsək onlar bir o qədər də çox davamlı olacaqdır, istifadə etmədiyimiz təqdirdə isə onlar məhv olurlar.

Xalq arasında belə bir söz var: uşağın beyni ağ vərəqdir nə yazacayıqsa o da yazılacaq. Əvvəllər belə hesab edirdilər ki, bütün uşaqlar əvvəlcədən müəyyən edilmiş bir yolla, eyni şəkildə inkişaf edirlər. Lakin uşaq inkişafı barədə aparılan tədqiqat işləri və müasir nəzəriyyələr uşağın mədəni, sosial, fiziki vəziyyətinin və ətraf mühitin onun inkişafına təsir etdiyini göstərir.

Bu gün məlumdur ki, öyrənmək digəri ilə qarşılıqlı əlaqə zamanı baş verir. Uşağın həyatının ilk illərində qarşılıqlı ünsiyyətdə olduğu ilk insan, həmçinin uşağın inkişafında böyük rolu olan insan məhz valideyndir. Buna görə də ilk olaraq valideynlər uşaq inkişafı barədə mütləq maariflənməli, məlumatlı olmalıdırlar və hətta bunu artıq uşağı dünyaya gətirməyi planlaşdırdıqları zaman etməyə başlamalıdırlar.

Valideynlər bilməlidirlər ki, 0-3 yaş dövründə onların uşağın inkişafına qoyduqları hər bir zəhmət, hər bir xərc gələcəkdə onlara dəfələrlə cox bəhrə/qazanc verəcəkdir.

Buna görə də əziz valideynlər, uşaqlarınıza istər maddi baxımdan, istərsə də mənəvi baxımdan daha çox şeylər verməyə çalışın, onlara kifayət qədər zaman ayırın! Onlarla vaxt keçirin. Deyirlər bir insanın digərinə verə biləcəyi ən qiymətli sərvət zamandır!

Mən uşaqla birlikdə vaxt keçirmək deyəndə sadəcə uşaqla eyni otaqda olmağı deyil, onunla hər hansı fəaliyyəti birlikdə yerinə yetirməyi nəzərdə tuturam.

Bu mövzuya toxunmuşkən erkən müəyyənləşdirmədən də danışmamaq mümkün deyil. Erkən müəyyənləşdirmə deyəndə uşaqda olan hər hansı inkişafdan geri qalmanın vaxtında, yəni qeyd etdiyimiz bu dövr ərzində müəyyən edilməsi nəzərdə tutulur. Çünki bu yaş aralığında aşkar edilən geriqalmanın bərpası əksərən mümkün olur və ya mümkünə yaxın olur.

Uşaq inkişafı barədə doğru məlumata malik olan valideyn öz uşağında olan hər hansı bir bacarığın inkişafında geriqalmanı zamanında görə bilir

Çox təəssüf ki, bu gün Azərbaycanda bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Çünki müəyyən səbəblər üzündən əksər hallarda valideynlər gözləmə mövqeyi tutaraq hər hansı problem hiss etdikdə belə düzəlməsinə ümid edirlər və nəticədə bu qızıl dövrü itirmiş olurlar.

Sözüm valideynlərədir.

Gəlin gələcəyimiz olan uşaqların taleyinə biganə yanaşmayaq! Uşağın əvəzinə nəyisə etməkdənsə onunla birlikdə etməyə zaman ayıraq! Bu halda biz uşağımızın inkişafında olan hər hansı problemi gözdən qaçırmamaqla bərabər uşağın özünün edərək bacarıq qazanmasına nail olmuş olacayıq. Gözümüzə dəyən ilk şübhəmizdə gözləmə mövqeyi tutmayaq və ya əmisi, atası, xalasında da belə idi deyən yaxınlarımızdan deyil, mütəxəssisdən məsləhət alaq! Gəlin onların inkişafında nəzərdən qaçırdığımız ən incə məqamın gələcəkdə böyük fəsadlara səbəb olmasına yol verməyək!

Özümüz də oxuyaq, öyrənək və öyrədək!

 

Ülviyyə Mirzəyeva

Uşaq inkişafı üzrə mütəxəssis, həkim