Hipoqayğı: səbəbləri, təzahürü və aradan qaldırılması üsulları

 

Valideynlər uşağı üçün ən yaxşısını istədikdə, onu həyatın problemlərindən və çətinliklərindən qorumağa çalışdıqda, unudurlar ki, onların əsas vəzifəsi uşaqlara müstəqil şəkildə yaşamağı öyrətməkdir. Valideynlərin belə “ifrat” dərəcədə qayğıkeşliyi hipernəzarət adlanır. Ancaq bunun tam əksi olan hal – hiponəzarət, yəni valideyn tərəfindən uşağa lazımi nəzarətin olmaması halları da müşahidə edilir. Bu cür hallarda valideynlər uşağın tərbiyəsini şansa buraxır, uşaqla emosional əlaqə qurmur, onunla tərbiyəvi söhbətlər aparmır, ona zəruri qayğı göstərmirlər.

Hiponəzarətin səbəbləri:

Uşağın doğulmasına hazırlıq

Gənclər, xüsusilə erkən evlənənlər, çox vaxt uşaqların doğulmasına hazır olmurlar. Onlarda infantilizm (uşaqyana düşünücə və davranış) yüksək səviyyədə müşahidə olunur, övladlarına görə həyatlarını dəyişdirmək, vaxtlarını qurban vermək istəmirlər. Buna görə də uşağa fiziki qayğı göstərir, sadəcə onun fizioloji ehtiyaclarını ödəməklə kifayətlənirlər. Bu cür valideynlər hər şeyi uşağın özünün öyrənəcəyini düşünürlər.

Valideynliyə hazırlıq

Valideynin yetkinliyi birmənalı olaraq yaşla əlaqəli deyil. Yeni bir insanın dünyaya gəlməsi cütlüyün həyatını tamamilə dəyişdirir, yeni bir gerçəkliyin meydana gəlməsinə və müəyyən narahatlığa səbəb olur. Ancaq valideynlər əvvəlki həyat tərzindən imtina etmədikdə uşağa lazımi qayğı göstərə bilmirlər. Hətta elə hallar olur ki, valideyn özünü kiçik bir uşaq kimi hiss edir, əzizlənməyə, qayğıya ehtiyac duyur, heç bir məsuliyyət daşımaq istəmir.

Uşaqdan imtina

Arzuolunmayan hamiləlik, boşanma, valideynlərin karyera uğursuzluğu və s. kimi halların neqativ nəticəsi uşaqlardan da yan keçmir. Çünki bu cür vəziyyətlərdə valideynlər uşağa lazımi qayğı göstərə bilmirlər, uşaqla ünsiyyət və ona qayğı minimuma enir. Belə olan halda uşaq müstəqil böyüyür, ancaq xoşbəxt olmur.

Valideynlik hisslərinin olmaması

Ailədə körpənin dünyaya gəlməsi ilə analıq və ya atalıq hissi heç də qeyri-iradi yaranmır. Bunun üçün uşağa qayğı göstərmək, onun əziyyətini çəkmək lazımdır. Bu çətinliyə qatlaşmayan insanlarda isə valideynlik instinkti inkişaf etmir. Bundan başqa, ailədə valideynlər arasında xoş münasibətin olmaması da uşaqların sağlam inkişafına mənfi təsir göstərir.

Uşaqlarına az nəzarət göstərən valideyn hərəkətləri:

  1. Övladın problemlərinə diqqətsizlik;
  2. Uşağa kömək etməkdən çəkinmək;
  3. Övladının davranışına görə qıcıqlanma;
  4. Valideyn eqoizminin təzahürü;
  5. Uşaqla ünsiyyətdən bir bəhanə ilə qaçmaq.

Hipoqayğı yalnız nəzarətin az olması deyil, həm də sevginin az olması, valideynlə övlad arasında emosional bağın zəif olmasıdır. Valideynlərinin sevgisini və ya qayğısını hiss etməyən uşaqlarda şəxsiyyət dəyişikliyi müşahidə olunur, inkişaf ləngiyir, emosional və sosial sferada pozuntular qeyd olunur. Dəyərsizlik hissini yaşamaq onlarda başqalarına qarşı laqeydlik, qəddarlıq hissini yaradır.

Amerikalı alimlərin son araşdırmasına görə, uşaqlıqda valideynləri ilə münasibətləri haqqında yaxşı xatirələri olan insanlar yetkinlik yaşlarında daha sağlam olur, depressiya və xroniki xəstəliklərdən daha az əziyyət çəkirlər.

Uşaqda hiponəzarətin "simptomları"

Özünü tənha, lazımsız hiss edən bir uşaq, özünü rəddedilmiş kimi aparır. Diqqət və sevgiyə çox ehtiyacı olan uşaqlara özlərini demonstrativ aparmaq xasdır, yəni onlar davranışları ilə diqqət çəkməyə çalışır, hətta mənfi olsa belə, bununla uşaqlar valideynlərindən reaksiya almağa çalışırlar. Hiponəzarətin göstəricilərindən biri də uşağın virtual aləmə qapanmasıdır. Ana və atanın qayğısından məhrum olduğunu fərq edən uşaq real həyatdan qaçır, virtual aləmdə özünə sığınacaq axtarır.

Nə etməli?

Əgər övladınızın qayğıya ehtiyacı varsa, amma siz zamanla nəyin yaxşı və nəyin pis olduğunu həyatın övladınıza göstərəcəyini düşünürsünüzsə, bu fikirdən dərhal daşınmalı və övladınızın qayğısına qalmalısınız. Uşağa qayğı göstərmək, onun sevgisini qazanmaq isə heç də çətin deyil. Bunun üçün sadəcə:

  • Övladınızla birgə oxuyun, rəsm çəkin, filmlərə baxın, qəhrəmanları və hadisələri müzakirə edin, uşağınızın fikrini soruşun və ona münasibət bildirin;
  • Uşağınıza onu sevdiyinizi və sizin üçün nə qədər vacib olduğunu söyləyin;
  • Uşağa problemlərini həll etməyə kömək edin;
  • Övladınızla məsləhətləşin, onun fikirinin sizin üçün vacib olduğunu göstərin;
  • Tez-tez qucaqlayın və öpün;
  • Birlikdə sevinin və bəzən dəcəlik edin;
  • Uşaqları gəzintilərə aparın;
  • Uşağınızı qoruyun, onun tərəfini saxlayın;
  • Uşaq yanılırsa belə, onu dərhal günahlandırmayın;
  • Uşağın həyatına maraq göstərin.

Əgər övladınızı sevmədiyinizi hiss edirsinizsə, onun yalnız mənfi cəhətlərini görürsünüzsə və özünüzə bu hissə görə bəraət qazandırırsınızsa, ümumilikdə bu hallar uzun müddət davam edirsə, demək ki, ailə psixoterapiyasına ehtiyac vardır.

 

Sara Məmmədsalahova

Esgerova Feride

Valideynler, xususuile analar ivladlari ile daha cox unsiuyet yaratmali, onlari gelecek heyata hazirlamalidir, bezen usaqlar boyudukden sonra validrynler bunun ne qeder vacib oldugunu anlayir