Avtokreslonun əhəmiyyəti

Hər il yol qəzalarında bir çox uşaq xəsarət alır və ya dünyasını dəyişir. Valideynlərin ən mühüm vəzifələrindən biri də bu qəzalarda körpə və uşaqlarına dəyən zərərin qarşısını almaq və ya minimuma endirmək üçün təhlükəsizlik tədbirlərini artırmaqdır. Bunun üçün görülməli olan əsas ehtiyat tədbirlərinə ən birinci avtomobillərdə səyahət edərkən uşaq avtomobil oturacağının (UAO) istifadəsi və təhlükəsizlik kəmərinin bağlanması daxildir.

Ölümlə nəticələnən qəzalarda təhlükəsizlik kəmərindən istifadə edənlərin 24,8%-i qəzadan heç bir zərər görmədən sağ çıxdığı halda, təhlükəsizlik kəmərindən istifadə etməyənlərdə bu göstərici 6,3%-dir. Avtonəqliyyat vasitəsi ilə səyahət edərkən uşaqları ön oturacaqda deyil, arxa oturacaqda oturtmaq, avtomobildə baş verən yol-nəqliyyat hadisələri zamanı uşaq xəsarətlərini və ya ölümlərini 35% azaldır. İnkişaf etməkdə olan ölkələrdə avtomobil üçün təhlükəsiz oturacaqların istifadəsi çox geniş yayılmayıb, ailələrin ondan düzgün istifadə ilə bağlı bilik səviyyəsi yetərli deyil. Bir çox hallarda uşağın avtomobil oturacağından istifadə etməməsi ilə yanaşı, uşaqların təkbaşına və ya ön oturacaqda anasının qucağında səyahət etmələri də diqqət çəkir. Uşaqları avtonəqliyyat vasitələrinin yol-nəqliyyat qəzalarından qorumağın ən düzgün yolu uşaq oturacağı sistemindən istifadə etməkdir. Amerikada Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi ("NHTSA") bildirir ki, bu sistemlər düzgün istifadə edildikdə yol qəzalarında uşaq ölümlərini 71% azaldır.

“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndində qeyd olunur: konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir.

Uşaq avtomobil oturacaqları uşağın yaşı, boyu, çəkisi və nəqliyyat vasitəsinin növü kimi bir çox faktordan asılı olaraq dəyişir. Ümumilikdə bir neçə əsas başlıq altında araşdırsaq; infant tipi, məktəbəqədər, məktəbli uşaq və böyük yaşlı uşaqlar üçün uşaq oturacağı növləri var.

İnfant Tipi UAO: Amerika Pediatriya Akademiyası körpələrin ən azı 1 yaşı olana qədər və ya bədən çəkisi 9 kq-a çatana qədər arxa oturacaqda və arxaya baxaraq səyahət etməyi tövsiyə edir. Bu tip UAO xüsusi olaraq başını və boynunu tuta bilməyən körpələr üçün nəzərdə tutulub. Doğumdan dərhal sonra xəstəxanadan evə ilk avtomobil səyahəti zamanı UAO istifadəsinə başlanmalıdır.

Məktəbəqədər tip: 1 yaşına çatmış və ya ən azı 9 kq bədən çəkisinə çatmış uşaqlar artıq üzü önə baxaraq nəqliyyat vasitəsi ilə səyahət edə bilərlər. Bununla belə, arxaya baxan UAO-larda yazılmış və istehsalçı tərəfindən icazə verilən ölçülərə uyğun olaraq geriyə doğru səyahətə davam edə bilər. Bu oturacaqlar adətən 4 yaşa və ya təxminən 18 kq bədən çəkisinə qədər uyğun gəlir.

Məktəbyaşlı uşaq avtomobil təhlükəsizlik oturacağı: Yüksəldici avtomobil oturacaqları olaraq da bilinən bu tip uşaq avtomobil oturacaqları daha böyük uşaqlar üçündür. Önə baxan avtomobil oturacaqları uşaq üçün çox kiçikdirsə, artıq səyahət zamanı bu növ oturacaqlarda əyləşməlidirlər. İrəliyə baxan oturacaqların çox kiçik olduğunu belə başa düşə bilərik: Əgər uşağın çəkisi UAO etiketində göstərilən bədən çəkisini və ya boyunu keçərsə, çiyin hündürlüyü təhlükəsizlik kəmərinin hündürlüyünü üstələyirsə və qulaqları kreslonun yuxarı ucuna çatırsa, bu o deməkdir ki, uşaq artıq UAO üçün uyğun deyil və kiçik qalır. Yüksəldici tipli avtomobil oturacaqları uşağı yuxarı qaldırmaq üçün nəzərdə tutulmuşdur ki, avtomobilin qarın və çiyinlərindən keçən təhlükəsizlik kəmərləri uşağı düzgün səviyyədə və möhkəm tuta bilsin. Yüksəldici oturacaqlar artıq irəli baxan oturacaqlarına sığmayan böyük uşaqlar üçün istifadə olunur. Uşaqlar böyüklər üçün təhlükəsizlik kəmərini bağlamaq üçün kifayət qədər hündürlüyə çatana qədər (adətən oturma hündürlüyü 74 sm, hündürlüyü 145 sm və 8-12 yaş arasında) yüksəldici avtomobil oturacağını istifadə edə bilərlər. Arxa hissəsi hündür olan modellərlə yanaşı, arxası olmayan modellər də var. Ümumiyyətlə,13 yaşa qədər bütün uşaqlar arxa oturacaqda oturmalıdırlar.

 

Şəbnəm Bağırlı

Pediatr