Oyunların dəyəri və əhəmiyyəti

Təşəbbüsü və yaradıcı fəallığı üzə çıxarmaq imkanı oyunun başlıca şərtlərindəndir. Nəzarət etməyi və özünü qiymətləndirməyi öyrənmək imkanı, nə etdiklərini və düzgün hərəkət etmək niyyətində olduqlarını başa düşmələri, öz fəaliyyətini müstəqil tənzimləmələri də oyun prosesində vacib bəndlərdəndir. Sosial-drammatik oyunların mürəkkəb formalarında iştirak edən uşaqlar onları “oynamayan” yaşıdlarına nisbətən daha yaxşı inkişaf etmiş nitqə, daha yaxşı inkişaf etmiş sosial vərdişlərə, daha yüksək empatiyaya, daha yaxşı inkişaf etmiş təxəyyülə və başqalarını yaxşı başa düşmə qabiliyyətinə malik olurlar. Onlar daha az aqressiv olurlar, daha yüksək özünütənzimləmə və daha yüksək təfəkkür səviyyəsi nümayiş etdirirlər.

Oyun böhranı nədir?

Bu gün oyun məktəbəqədər yaşlı uşağın həyatından sıxışdırılıb çıxarılır və bu oyun böhranının yaranmasına səbəb olur. Uşağın gündəlik rejimində sərbəst oyunlara faktiki olaraq vaxt qalmır. Oyunların formalaşdırılması məktəbəqədər təhsilin müstəqil vəzifəsi deyildir, bu eyni zamanda valideynlərin, cəmiyyətin ümümi fəaliyyətinə çevrilməlidir. Yarım əsr bundan əvvəl yuxarı məktəbəqədər yaşlı uşaqlar üçün yaş norması hesab olunan oyun səviyyəsi hazırda müstəsnalıq təşkil edir. Tez-tez oynamaq imkanı təqdim olunmayan uşaqlar əylənmək və özünü məşğul etmək bacarığı baxımından çətinlik çəkirlər. Belə ki, onlar böyüklərin təlimatı olmadan bunu necə etmək lazım olduğunu bilmirlər. Tədqiqat: 3-6 yaş dövründəki uşaqların iştirak etdikləri tədqiqatlar oyunun aşağı səviyyəsinin, başqa sözlə, oyuncaqlarla yeknəsək hərəkətlərdən ibarət olan oyunların 60% uşaqlarda müşahidə olunduğunu göstərmişdir. Uşağın rolu qəbul etdiyi və süjeti nəzərdə tutduğu orta səviyyə iki dəfə az müşahidə olunmuşdur (35% uşaqlarda). Geniş rollu münasibətlərin və oyun məkanı yaradılmasının səciyyəvi olduğu yüksək səviyyə yalnız müstəsna hallarda qeydə alınmışdır (yüzdən iki uşaqda). Məktəbəqədər yaşlı uşaqlarda öncədən oyun böhranlarının yaranma səbəbləri:

1. Oyunun inkişafetdirici əhəmiyyətinin dərk olunmaması, bilik və dərs fəaliyyətinin prioritet olması;

2. Məktəbəqədər birliklərin olmaması;

3. Uşaqlığın marketizasiyası;

4. Uşaqlar üçün müasir videoməhsulların azlığı;

5. Oyunun təlimin oyun formaları ilə dəyişdirilməsi;

6. Məşğələlər zamanı kurikulumun təyin etdiyi, sərbəst oyun üçün imkanların təqdim olunmadığı sərt çərçivəsi (oyun üçün 1-2 saatdan az!);

7. Pedaqoqlarda və valideynlərdə oyun bacarığının olmaması;

8. Məktəblərin “istedadlı” uşaqların qəbul edilməsinə doğru güclənməkdə olan meyli;

9. Adekvat, mütəhərrik, yarımfunksional və dəyişdirilə bilən əşya-məkan mühitinin yoxluğu.

Oyun qıtlığı normal inkişafın pozulmasına gətirib çıxarır. Müasir uşaqların inkişafında kompleks problemlər: vəziyyətdən asılı davranış, böyüklərdən, mühitdən asılılıq, özünütəşkilin qeyri-mümkünlüyü, təsəvvür və daxili fəaliyyət planının qıtlığı, iradə və sərbəstliyin zəif inkişafı, ünsiyyət çətinlikləri, məzmunsuz ünsiyyət, səbəb-məna sahəsinin inkişafdan qalması.

 

Xalidə Həmidova

Pedaqoq, UNICEF-in milli təlimçisi