QPM (qızılca, parotit, məxmərək) peyv...
QPM (qızılca, parotit, məxmərək) peyvəndi qızılca, məxmərək və parotit (qulaqdibi) kimi üç ciddi yoluxucu xəstəliyə qarşı qoruma təmin edən vacib bir peyvənddir. Bu xəstəliklər, xüsusilə uşaqlardaciddi fəsadlar yarada bilər və cəmiyyətdə çox sürətlə yayıla bilən epidemiyalara səbəb ola bilər. Peyvəndin tətbiqi bu fəsadları minimuma endirmək üçün vacibdir.
1. Qızılca: olduqca yoluxucu viral xəstəlikdir. Yüksək hərarət, dəridə səpgilər kimi simptomlarla xarakterizə olunur. Fəsadlara ağciyər iltihabı (pnevmoniya) və beyin iltihabı (ensefalit) daxildir.
2. Məxmərək: viral xəstəlik olub, adətən daha yumşaq simptomlarla keçir. Ancaq məxmərək keçirən hamilə qadınlarda döldə ciddi anadangəlmə patologiyalarına səbəb ola bilər.
3. Qulaqdibi: qulaqdibi tüpürcək vəzilərinin şişməsi, hərarət və boğaz ağrısı ilə özünü büruzə verən viral xəstəlikdir. Ciddi fəsadlar olaraq, meningit və yetkin kişilərdə sonsuzluq fəsadı qala bilər.
QPM peyvəndi qısa şpris vasitəsilə dəri altına yeridilir. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM peyvəndi ilə aparılır. Qızılca, parotit və məxmərəkdən ən yaxşı müdafiəni təmin etmək üçün uşaqlarımız QPM peyvəndinin hər iki dozasını almalıdır.
6 yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin isə 1-ci və 2-ci dozası arasında müddət minimum 4 həftə olmalıdır. Daha öncə QPM peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir.
Ölkədə qızılca yoluxma hallarının sayında qəfil artım baş verərsə, yaxud qızılcanın yoluxma riskinin yüksək olduğu bir ölkəyə səfər edəcəksinizsə, uşağa QPM peyvəndini ilk dozasını 9cu ayında vurmaq tövsiyə olunur. Bu dozaya baxmayaraq, 1 və 6 yaşlı uşaqlarapeyvənd təkrar vurulmalıdır.
Uşağım artıq qızılca, parotit və ya məxmərək keçiribsə, yenə də peyvənd edilməsinə ehtiyac varmı?
Uşaqlarımız keçmişdə bu xəstəliklərdən birini keçirmiş olsa belə, yenə də bu xəstəliklərə qarşı onları peyvənd etməliyik. QPM peyvəndi bir inyeksiya vasitəsilə uşağımızı 3 xəstəlikdən qoruyur: qızılca, parotit və məxmərək. Uşağımızın daha əvvəl bir xəstəliyə yoluxmuş olması onu hər 3 xəstəlikdən qoruya bilməz.
Yan təsirlər və risklər
QPM peyvəndi təhlükəsizdir. Yan təsirləri nadir hallarda yüksək hərarət, inyeksiya yerində qızartı və ya şişmə şəklində ortaya çıxır. Bu yan təsirlər övladınıza əzələdaxili və ya venadaxili hər hansı bir antibiotikdən fərqli deyil. Ancaq peyvənd olunmayan insanlarda bu xəstəliklərin yaratdığı fəsadlar çox daha ciddi və hətta həyati təhlükə yarada bilər.
QPM peyvəndi həmçinin yumurta allergiyası olan şəxslər üçün adətən təhlükəsizdir. QPM peyvəndi hazırlanarkən viruslar toyuq embrion hüceyrələrində yetişdirilir, lakin peyvəndin tərkibində yumurta zülallarının miqdarı çox vaxt aşkarlana biləcək səviyyənin altındadır. Bu səbəbdən yüngül və orta yumurta allergiyası varsa QPM peyvəndi olan şəxslərdə heç bir problem yaranmır. Ağır yumurta allergiyası (yumurtaya bağlı anafilaksiya) olan şəxslərdə, çoxsaylı araşdırmalar göstərir ki, QPM peyvəndi ciddi reaksiya yaratmır. Lakin ehtiyat üçün peyvənddən əvvəl allerqoloqla məsləhətləşmək və peyvəndin tibb müəssisəsində edilməsi tövsiyə olunur.
Şəbnəm Bağırlı
Pediatr
Fikriniz
0
0