Oyuncaqlar və təhlükəsiz oyuncaqların seçilməsi

Oyuncağın bir çox kateqoriyaları var - pedaqoji, estetik, mənəvi, sənaye, iqtisadi, mədəni, sosial, psixoloji və s.

Bu kateqoriyalara uşaqların ehtiyaclarını ödəyə biləcək kifayət qədər geniş bir sıra məhsul daxildir. Oyun prosesi uşaqların inkişafının ayrılmaz hissəsidir, onun vasitəsilə həyat öyrənir, kəşflər edir, təcrübə qazanırlar. Səbəbsiz deyil, hətta müəyyən bir uşağın yaşayış şəraitini yoxlayan səlahiyyətli orqanların nümayəndələri də həmişə oyuncaqların olmasına diqqət yetirirlər, çünki şəxsiyyətin tamhüquqlu formalaşması buna bağlıdır. Uşaq bağçası uşaqların əsas oyun ərazisidir, buna görə burada oyunlar üçün əşyalar məcburi olmalıdır və hər yaş qrupu üçün fərqli bir dəst seçilməlidir. Uşaq bağçasında oyuncaqların əsas məqsədi ətraf aləmin xüsusiyyətlərinin assimilyasiyasına kömək etməkdir: obyektlərin forma, ölçü, rəng, digər fiziki xüsusiyyətləri; uşağın məntiqi təfəkkürünün, konsentrasiyasının, incə motor bacarıqlarının inkişafı və tərbiyəsidir. Böyüklər uşaqlara hansı oyuncaqlar aldıqları, uşaqlara nə verdikləri, uşaqların bağçaya hansı oyuncaqlar gətirdikləri barədə çox vaxt bəlkə də düşünmürlər.

Uşaq üçün oyuncaq onun həyatının ayrılmaz hissəsidir və buna görə də ciddi diqqət tələb edir!

Oyuncaq nədir?

 "Oyuncaq" sözü çoxları üçün bəzək, əyləncənin sinonimi kimi çıxış edir. Bu xüsusi bir əşya olsa da nəhəng gücə, öyrətmə qabiliyyətinə malikdir. Hər şey oyuncaq ola bilər. Oyuncaq olmaq xüsusiyyəti əşyanın xarici əlamətlərinə sərt şəkildə bağlı deyil. Onun "oyuncaqlar" sinfinə düşməsi ona oynayan insanın münasibəti ilə şərtlənir. Məhz insan əşyanı onunla oyun zamanı əsl oyuncağa çevirir.

Hər bir əşya əsil oyuncağın rolunu ala bilər, əgər o:

- Cəlbedicidirsə - əşya ilə ünsiyyət qurmağı, ona baxmağı, manipulyasiya etməyi təmin edir;

- Mənimsəmə üçün əlverişlidirsə - oyunçunun bu obyekti yaşayış sahəsinə yerləşdirmək qabiliyyəti ilə müəyyən edilir.

Çoxsaylı tədqiqatlar göstərir ki, oyuncaq həmişə psixikanın inkişafı üçün təsirli vasitə olub və xalq pedaqogikasında uşaqların böyüklərin həyatına yiyələnməsi və sosial tərbiyə üçün geniş istifadə olunub.

Oyuncaqlar bu və ya digər xarakter xüsusiyyətlərinin tərbiyəsinə imkan yaradır, uşaqları müxtəlif peşələrə cəlb edir və s.

Oyuncaq uşağa ətraf aləmlə tanış olmağa kömək edir, onun vasitəsilə o alınmış təəssüratları möhkəmləndirir və emal edir, aktivliyə və ünsiyyətə olan ehtiyaclarını təmin edir.

Oyunun məzmunu oyuncaqlardan aslıdır, onlar yaradıcı təsəvvürün inkişafı üçün dəstək kimi xidmət edirlər. Oyuncaqlarda tanış obyektləri öyrəndikdən sonra, uşaq öz təsəvvürlərini birləşdirməyə, təkrar emal etməyə və yeni təəssüratları fəal surətdə mənimsəmək imkanı əldə edir.

Uşaqlara ən güclü tərbiyə təsiri, bütün dünyadakı insanları və obyektləri təsvir edən oyuncaqlardır: heyvanlar, quşlar, balıqlar, bitkilər, nəqliyyat vasitələri, avadanlıqlar, ev əşyaları. Onlarla məktəbəqədər uşaqlarda müəyyən təsəvvürlər assosiasiya olunur, yaddaşda parlaq təəssüratlar canlanır, mövcud həyat təcrübəsini yaradıcı şəkildə təkrar etmək imkanı yaranır. Oyuncaqlar yalnız uşaqları müxtəlif məzmunlu oyunlara həvəsləndirmir, onlar uşağa rol oynamağa, sevimli obrazı yaratmağa, uydurmanı həyata keçirməyə kömək edirlər. Oyuncaq oyun obrazının yaradılmasına böyük təsir göstərir.

Uşaq inkişaf etdikcə onun oyuncaqlara münasibəti dəyişir. O, öz niyyətini həyata keçirməkdə ona kömək edəcək oyuncaqlar seçməyə başlayır. Ancaq oyuncağın niyyətinin həyata keçirilməsi vasitəsi yalnız o halda ola bilər ki, uşaq onun obrazını düzgün qəbul edir, əgər onda onun təsvir etdiyi əşya  haqqında bilikləri varsa, əgər oyuncaq şüurlu marağa və oynamaq arzusuna səbəb olursa.

Oyuncaq, oyun üçün nəzərdə tutulmuş obyektdir (əşyadır). Real və xəyali əşyaları, obrazları quraraq, oyuncaq əqli, əxlaqı, estetik və fiziki tərbiyə məqsədlərinə xidmət edir. Oyuncaq uşağa ətraf dünyanı öyrənməyə kömək edir, onu məqsədyönlü, mənalı fəaliyyətə alışdırır, təfəkkürün, yaddaşın, nitqin, emosiyaların inkişafına imkan yaradır. Oyuncaq uşaqların təlim-tərbiyə işində, xüsusilə də texniki və bədii yaradıcılığın inkişafı üçün geniş istifadə olunur. Oyuncağın tipləri, xarakteri, məzmunu və tərtibatı uşaqların yaşına uyğun olaraq onların inkişafı və maraqları nəzərə alınmaqla xüsusi tərbiyəvi vəzifələr ilə müəyyən edilir.

Oyuncaq uşaqların əməyə marağını artırmağa və maraq hissinin formalaşmasına kömək edir.

Böyüklərin əsas vəzifəsi uşağa oyuncaqlarla hərəkət etməyi öyrətməkdir.

Məktəbəqədər yaşda uşağın inkişafı üçün oyunların və oyuncaqların əhəmiyyəti müəllimlər tərəfindən lazımi qədər dəyərləndirilmir.

Valideynlərin əksəriyyəti uşağın şəxsiyyətinin formalaşması üçün düzgün seçilmiş oyuncaqların nə qədər vacib olduğunu anlamırlar. Uşaq necə və hansı oyunları oynamalıdır? Bu barədə valideynlər, əsasən, istehsalçı firmaların maraqlarını əks etdirən, heç də həmişə uşağın maraqlarına uyğun gəlməyən reklamdan məlumat alırlar.

Oyuncağın rolu

 Oyuncağın rolu çoxfunksiyalıdır:

- Uşağın psixi inkişaf vasitəsi;

- İctimai münasibətlərin müasir sistemində həyata hazırlamaq vasitəsi;

- Əyləncə üçün xidmət edən obyekt.

Oyuncaq yalnız oyunun müşayiəti deyil, həm də təlim, əyləncə və hətta müalicə vasitəsidir (oyuncağın psixoterapevtik funksiyası), çünki o, uşağa öz qorxularına sahib olmağa kömək edir.

Uşaq üçün oyuncaq nə olmalıdır? Hər şeydən əvvəl oyuncaq, sevinc və oyun üçün motivasiya mənbəyidir. O, inkişaf üçün şərait və müstəqil yaradıcılığa imkan yaratmalıdır. Faydalı oyuncaq özündə təhsil vəzifəsini daşıyır. Oyuncaq uşağın ruhunda xeyir və şərin ilkin anlayışına təməl qoyur.

Pedaqoji baxımdan daha dəyərli oyuncaqlar aşağıdakı keyfiyyətlərə malik olanlardır:

- Polifunksionallıq – Oyuncaqlar uşağın niyyətinə, müxtəlif funksiyalarda oyunun sahəsinə uyğun olaraq çevik şəkildə istifadə edilə bilər. Beləliklə, oyuncaq yaradıcılığın, təxəyyülün, simvolik düşüncə funksiyasının inkişafına kömək edir;

- Birgə fəaliyyətlərdə tətbiq etmək imkanı – Oyuncaq bir qrup uşaq tərəfindən eyni zamanda istifadə üçün yararlı olmalı (oynayan tərəfdaş kimi böyüklərin iştirakı ilə) və birgə hərəkətlərə təşəbbüs etməlidir (kollektiv binalar, birgə oyunlar və digərləri);

- Oyuncaqların didaktik xüsusiyyətləri – Bu cür oyuncaqlar özündə uşağın layihələşdirilməsi, rənglə və forma ilə tanış olma və s. öyrədilməsi üsullarını daşıyır, məsələn, bəzi  elektron oyunlar və oyuncaqlar kimi proqramlaşdırılmış nəzarət mexanizmlərini özündə saxlaya bilər;

- Oyuncağın bədii sənətkarlıq məhsullarına aid olması – Bu oyuncaqlar uşağın bədii-estetik inkişafı vasitəsidir, onu incəsənət aləminə cəlb edir və onu bədii xalq yaradıcılığı ilə tanış edir.

Bu cür oyuncaqlar müvafiq təsvirlərin - yaş həddinə, üsullarına və onların tətbiqi sahələrinə aid təlimatların və metodiki tövsiyələrin mövcudluğu şəraitində uşağa müsbət təsir göstərir və həm ailə şəraitində, həm də məktəbəqədər təhsil müəssisəsinin həyatında, pedaqoji prosesdə uğurla istifadə oluna bilər.

Oyuncaq uşaq inkişafının üsuludur, onun atributu və şərtidir. Oyuncaq sevinc mənbəyi, canlı oyun üçün motivasiya, inkişaf etməkdə olan həyatın bütün instinktlərinin təzahürü üçün obyekt olmalıdır. Oyuncaqlar seçərkən bu meyara  istinad etmək lazımdır.

Müxtəlif yaş qrupları üçün oyuncaqlar seçilməsi

Uşaq bağçasında hansı oyuncaqların olduğunu təhlil etsək, onları müxtəlif meyarlara görə qruplara bölə bilərik.

Yaşına görə: körpələr qrupu üçün; orta qrup üçün; böyük qrup üçün; məktəbəhazırlıq qrup üçün.

Tematik məqsədlə: kuklalar və aksesuarlar, evlər; nəqliyyat kublar, inşaat materialları, digər tikinti materialları; mozaika, bulmacalar, əlavələr; yumşaq oyuncaqlar, heyvan fiqurları; qablar və yeməklər; telefonlar, elektron və musiqi oyuncaqlar; nömrələr, hərflər; stolüstü oyunlar və s.

Materialına görə: plastik; taxta; parça metallardan.

Həm də  fakturasına görə kobud, hamar və rənglərə görə təsnif edilə bilər. Buna görə də, müxtəlif yaşlı uşaqlar və xüsusilə də kiçik yaşlı uşaqlar üçün oyuncaqların düzgün seçilməsi vacibdir. 

Körpələr qrupunda təhsilinin əsas vəzifələri aşağıdakılardır:

- Uşaq sağlamlığının qorunması və möhkəmləndirilməsi;

- Hərəkətlərin inkişafı;

- Əşyalarla hərəkətlərin inkişafı;

- Nitqin inkişafı.

Bu vəzifələrə müvafiq olaraq, oyuncaqlar seçilir:

- İti küncləri, ağır çəkisi olmayan, uşaqlar üçün təhlükəsiz oyuncaqlar;

- Diyirlətmək, atmaq üçün böyük toplar;

- Müxtəlif rəngli yük maşınları, arabalar: uşaqlar onları yerdən yerə köçürür, üzərinə kubik, gəlincik və digər daha kiçik oyuncaqları yığaraq sürürlər;

- Matryoshka, piramidalar: Sensor inkişaf  üçün oyuncaqlar uşağa müxtəlif cisimlər, onların xarakterik xüsusiyyətləri, rəngləri, forma və ölçüsü haqqında aydın təsəvvürlərin formalaşmasını xidmət edir

- obrazlı  oyuncaqlar , gəlinciklər, heyvanlar, məişət əşyaları: məzmuna görə onlar uşaqlara ətraf aləmi əks etdirir

- Əyləncəli oyuncaqlar: bu oyuncaqların olması mütləqdir. Körpə uşaqlar onları oynada bilməsə də,  oyuncaqların tərbiyəçi tərəfdən işlənməsinə baxır və sevinirlər;

- Tikinti materialları oyuncaqları: taxta və ya plastik kubiklər, kərpiclər, taxtalar, leqo;

- Musiqi oyuncaqları: tütək, dodaq akkordeonu, nağara və s.

Orta qrupda təhsil vəzifələri mürəkkəbləşir. Məktəbəqədər yaşlı uşaqlar oyunda rolları daha aydın şəkildə fərqləndirirlər. Beləliklə, oyuncaqların seçilməsi çətinləşir:

- Süjet-obrazlı oyuncaqların seçimi daha geniş olur (kuklalar-qızlar və kuklalar-oğlanlar, müxtəlif millətlərin kuklaları, onlara əlavə əşyalar: dənizçinin papağı, həkim xələti və s.);

- Tikinti materiallarının seçimi daha geniş olur, çünki uşaqlar artıq daha mürəkkəb konstruksiyalar yaradırlar (müxtəlif dəstlərdə olmalıdır);

- Musiqili, səsli oyuncaqların seçimi mürəkkəbdir (uşaq pianosu, nağara);

- Komplekt (dəst) oyuncaqlar lazımdır, çünki uşaqlar artıq kollektiv oynaya bilirlər (məsələn,"ev heyvanları" üçün dam qurmaq).

Böyük qrup uşaqları həyatla daha geniş təmasda olurlar, onlar artıq mürəkkəb süjetlərin inkişafına imkan verən oyuncaqlardan istifadə edə bilərlər. Buna görə də, bu yaş qruplarında hər cür oyuncaq müxtəlif çeşiddə təqdim edilməlidir. Texniki, idman-motor, teatr oyuncaqları böyük əhəmiyyət kəsb edir.

Buna görə də əminliklə demək olar ki, oyuncaqların düzgün seçimi uşağın yaş imkanlarına uyğun tam inkişafına kömək edir.

Yaş xüsusiyyətlərinə görə uşaq oyuncağının seçilməsi əsas şərtlərdən biridir. Həyatının bu və ya digər dövründə uşaq ətraf aləmi müxtəlif yollarla tanıyır. Yeni biliklərin əldə edilməsi prosesinin darıxdırıcı və monoton olmaması üçün valideynlər və qohumlar uşağa oyuncaqlar alır.

Bununla birlikdə oyuncaq uşağı maraqlandıracaq və uşağı öyrənməyə həvəsləndirəcək şəkildə seçilməlidir.

Düzgün oyuncağın seçilməsinin bir çox yolu vardır. Çox vaxt uşaqlar hansı oyuna ehtiyac duyduqlarını özləri bilirlər. Doğrudur, həmişə bu qərar şüurlu şəkildə verilmir və uşaqlar oyuncaq seçimində valideynlərin köməyindən istifadə edirlər. Əlbəttə ki, hər bir uşaq özünəməxsus şəxsdir, və o, hər hansı bir çərçivəyə uyğunlaşmaq məcburiyyətində deyil. Erkən yaşlarda inkişaf çox sürətlə gedir, bu da oyun materialı, o cümlədən vəzifələri, metodları və təhsil vasitələrinin dəyişiklikliyə səbəb olur.

Körpə həyatının birinci-ikinci aylarından daxil olan oyuncaqlar görmənin, eşitmənin inkişafına kömək etməlidir. Bu  oyuncaqlar parlaq iri yüngül top, kürə, başqa parlaq böyük oyuncaqdır (körpənin gözündən 50 sm. məsafədə çarpayının üstündə asılır).

2-2,5 aydan böyük süjetli oyuncaqları (kukla, ayı) əlavə edilir, onlar çarpayı və manejin yanına qoyurlur. Eyni zamanda, səsli oyuncaqlar (zınqırov və s.) lazımdır. Oyuncağın səslənməsi körpənin gözündə ona əlavə cazibədarlıq verir. Bundan başqa, uşağın sinəsinin üstündə xırda oyuncaqlar asırlar, hansılar ki, əllə tutmaq olur.

5-6 ayından başlayaraq əşyalarla hərəkət etmək üçün uşağa müxtəlif oyuncaqlar verilir: plastik, rezin, taxta oyuncaqlar, səsli oyuncaqlar, müxtəlif ölçülü toplar. Oyuncaqların ölçüsü kiçik və orta, formalı yığcam, bir və ya iki əlində tutmaq  üçün əlverişli olmalıdır.

0-1 yaşlı uşaqlar - Bir çox fikirlərə zidd olaraq, bu yaş uşaqlar üçün oyuncaqların əhəmiyyəti həddindən artıq böyükdür. Onlar müxtəlif rəngli, formalı və səsli olmalıdır. Uşaq yatağının üzərindən asılmış oyuncaqlar çox vacibdir. Bu oyuncaqlar görmə, barmaq motoru bacarıqlarını inkişaf etdirir, körpə rəngləri ayırmağı, səbəb-nəticə əlaqələrini öyrənir. Yuxudan əvvəl körpəyə oxumaq üçün müvafiq kitablar, körpə yatanda isə qucağında saxlaya biləcək yumşaq oyuncaqlar (ayı, dovşan, gəlincik və s.) da zəruridir. Su prosedurları zamanı da oynamaq üçün rezin ördək balası oyuncağı və ya rəngli böyük topdan istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, çox kiçik hissələrdən ibarət oyuncaqlar bu yaş uşaqlar üçün təhlükəlidir.

Həyatın ikinci ilində uşağa bütün növ oyuncaqlar təklif olunur.  Bunlardan obrazlı oyuncaqlardan daha çox istifadə olunur. Müxtəlif materiallardan hazırlanmış kuklalar və su oyunları üçün kuklalar da bura daxildir. Kuklaların geyimi sadə olmalıdır (çıxarıla bilən və ya çıxarılmayan). Kukla mebeli böyük ölçülü, möhkəm olmalıdır.

Oyun məişətinin vacib əşyaları:

- Mətbəx üçün dəst (iri, uşağın əlinin ölçüsünə görə qab-qacaq: boşqablar, fincanlar, qaşıqlar, qazanlar);

- Oyuncaq yataq dəstləri (yorğan üzləri, döşəklər, ədyal və s.);

- Səsli və səslənməyən müxtəlif materiallardan hazırlanmış heyvan fiqurları (dovşan, tülkü, inək, keçi, at və s.);

- Su oyunları üçün balıq, su quşları (kiçik və orta ölçülü);

- Süjetli-nəqliyyat oyuncaqları: kuklalar, çarxlar, arabalar,  avtomobillər.

1-3 yaşlı uşaqlar - Bu yaş aralığına daxil olan uşaqlar çox hərəkətlidirlər, buna görə hərəkətli oyuncaqları xoşlayırlar. Bu yaş üşaqlar üçün mükəmməl oyuncaq seçimi kiçik arabalar, gəlinciklər üçün arabalar, simli və ya təkərli oyuncaqlardır. Barmaq motoru bacarıqlarının inkişafı üçün rəngli qələmlər,  albom və təbaşir məqsədəmüvafiqdir. 1-3 yaş – bu, uşağın valideynləri təqlid etdiyi yaşdır, buna görə uşağa oyuncaq telefon, mətbəx və s. vermək olar.

3-5 yaşlı uşaqlarda əqli qabiliyyətlər inkişaf edir, buna görə də çox pazllar, böyük maşınlar, bir çox geyim dəsti olan kuklalar almağın vaxtı gəldi.

 

Xalidə Həmidova

Pedaqoq, UNICEF-in milli təlimçisi