Doğulduqda baş dairəsinin ölçüləri və həyatın ilk ilində böyümə sürəti ilə uşaqların intellektual inkişaf səviyyəsi arasında əlaqə

Uşaqlarda beyin həm antenatal, həm də postnatal dövrdə böyüyərək, 5 -10 yaşlarda öz maksimal həcminə çatır, lakin ən yüksək böyümə sürəti bətndaxili inkişafın son dövründə və uşağın həyatının ilk ilində baş verir. Kiçik çəkili körpələrdə həm antenatal, həm də postnatal dövrdə beyinin  böyüməsinin pozulmasına səbəb olan patoloji proseslərin gələcəkdə uşağın koqnitiv funksiyalarına mənfi təsir göstərdiyinə dair sübutlar mövcuddur. Lakin vaxtında doğulmuş sağlam körpələrdə antenatal və postnatal dövrün  müxtəlif mərhələlərində beyinin böyüməsinin intellektə necə təsir etməsi barədə daha az məlumat var.

İngiltərədən olan alimlər 04.1991-12.1992-ci il təvəllüdlü 633 uşağın baş dairəsinin dinamik ölçülməsi, həmçinin 4 və 8 yaşlarında koqnitiv funksiyalarının öyrənilməsi də (IQ qiymətləndirmə) daxil olmaqla uzunmüddətli tədqiqat aparmışdırlar.

Körpələrdə doğulduqda  baş dairəsinin ölçüləri orta hesabla 34,9 ± 1,1 sm olmuş, 1 ilə 46.6 ± 1,3 sm-dək artmışdı. Bundan sonrakı dövrdə böyümə tempi daha aşağı idi: 4 ilə qədər baş dairəsinin orta ölçüləri 50.9 ± 1.4 sm, 8 yaşında isə 53.4 ± 1.4 sm olmuşdur.

Uşaqların koqnitiv funksiyaları 4 və 8 yaşındakı uşaqlar üçün Veksler şkalasından istifadə edilərək qiymətləndirilmişdir. 4 yaşında tam şkalaya görə IQ 106.3 ± 13.7 bal, verbal IQ isə 101.7 ± 13.2 bal olmuşdur. Baş dairəsinin böyümə sürətinin müxtəlif dövrlərdə intellekt səviyyəsinə (IQ) təsirinin təhlili göstərdi ki, körpəlik dövründə yalnız prenatal böyümə və yenidoğulma dövründə böyümə sonrakı dövrlərdə intellekt səviyyəsi ilə qarşılıqlı əlaqəlidir. 4 yaşında qiymətləndirmə göstərdi ki, doğularkən baş dairəsinin hər 1-SD (standart deviation- standart kənara çıxma) artımı ümumi IQ-nün 2.41 bal artmasına, körpələrdə hər 1-SD artımı ümumi IQ-nün 1.97 bal artmasına səbəb olur. Baş dairəsinin böyümə sürətinin intellekt səviyyəsinə (İQ) təsirinin 8 yaşında olan təhlili göstərdi ki, körpəlikdə başın böyümə sürəti intellekt səviyyəsini müəyyən etmək üçün əhəmiyyətli bir proqnozlaşdırıcısı olaraq qalmışdır, çünki baş dairəsinin hər 1-SD artımı ümumi IQ-nü 1.56 bal, verbal IQ-nü isə 1.55 bal artırmışdı.

Beləliklə, vaxtında dünyaya gələn sağlam uşaqlarda beynin həcmi və buna uyğun olaraq 1 yaşa qədər dövrdə olan baş dairəsinin ölçüləri gələcəkdə intellekt səviyyəsini təxmin etməyə kömək edir. 8 yaşında koqnitiv funksiyalar həyatın ilk ilində başın böyümə sürəti ilə maksimal dərəcədə bağlıdır. Tədqiqat göstərdi ki, uşaqlığın sonrakı dövrlərində beynin böyüməsi artıq uşağın intellektual inkişafına təsir göstərmir. Doğuşdan sonra ilk 12 ay ərzində başın böyümə sürətinin defisiti artıq sonraki yaşlarda kompensasiya edilə bilməz. Uşaqların intellektual inkişaf səviyyəsi doğulduqda baş dairəsinin ölçüləri və həyatın ilk ilində böyümə sürətindən  birbaşa asılıdır.

Mənbə

  1. Pediatrics, Oktober 2006,118