Febril qıcolmalar

Febril qıcolmalar, yaxud qızdırma zamanı qıcolmalar, çox vaxt 6 aydan 5 yaşa qədər olan uşaqların təxminən 2-5%-də, əksər hallarda isə 12-18 ayında olan uşaqlarda olur. Febril  qıcolmalar sadə və ya mürəkkəb ola bilər. Sadə febril qıcolmalar 15 dəqiqədən az davam edir, ocaqlı simptomlar qeyd olunmur və 24 saat ərzində təkrarlanmır. Mürəkkəb febril tutmalar isə fasiləsiz və ya fasilələrlə 15 dəqiqədən çox davam edir, yaxud ocaqlı simptomlar müşahidə olunur və ya 24 saat ərzində təkrarlanır. Febril qıcolmaların çoxu sadədir.

Febril tutmalar bakterial və ya viral infeksiya zamanı baş verir.Febril tutmalara rast gəlinməsində bəzən genetik faktor da rol oynayır. Febril qıcolmaları ilə əlaqəli bir neçə gen müəyyən edilmişdir. Bir yaşlı uşaqda ilk qızdırma tutması baş verirsə, onun təkrarlanma ehtimalı çoxdur. Lakin daha böyük uşaqlarda təkrarlamanın ehtimalı azdır.

Klinik təzahürlər​

Febril qıcolmalar hərarətin yüksəldiyi dövrdə 24 saat ərzində inkişaf edir. Bir qayda olaraq, qıcolmaların əksəriyyəti tonik-klonik, nadir hallarda atonik və ya tonikdir. Çox davam edən qızdırma tutması beynə zərər verə bilər, buna görə tutmanın mümkün qədər tez dayandırılması vacibdir.

Bütün digər səbəblər istisna edildikdən sonra qıcolmalar febril sayılır. Sadə febril qıcolmaları əksər hallarda müalicə etmirlər, uşağın qızdırması salınır, əsas xəstəliyi müalicə olunur. Lakin ağır qıcolmalarda, nevroloji xəstəliklərdə və ya ciddi bir xəstəliyin əlamətlərində (məsələn, meningit, metabolik xəstəliklər) epilepsiya əleyhinə dərmanların qəbulu təyin oluna  bilər.

 

Abuta Ağayeva​

Nevroloq, UNİCEF-in milli təlimçisi