Uşaqlar üçün sosial müavinətlər

Sosial müavinətlər ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və birdəfəlik ödənilən pul vəsaitidir. Yalnız Azərbaycan Respublikasının vətəndaşları, eləcə də Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Ölkəmizdə 13 növ müavinət aylıq, 5 növ müavinət isə birdəfəlik qaydada təyin edilir.

Aylıq müavinətlərin 9-u, birdəfəlik müavinətlərin isə 2-si məhz uşaqların sosial müdafiəsi ilə bağlıdır.

Uşaqlarla bağlı aylıq müavinətlər aşağıdakılardır:

- əlilliyə görə müavinət – orqanizm funksiyalarının pozulması faizinə uyğun olaraq 150-270 manat;

- ailə başçısını itirməyə görə müavinət – 120 manat;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət - bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə 28 manat;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – 120 manat;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət– 120 manat;

- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət(Müavinət ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda verilir) - 100 manat;

- beşdən çox uşağı olan qadınlara müavinət - hər uşağa görə 105 manat;

- övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət - Övladlığa götürülən uşağa görə 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat;

- himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətlər - himayədar ailəyə verilmiş 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;

- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat.

Uşaqlarla bağlı birdəfəlik müavinətlər aşağıdakılardır:

- uşağın anadan olmasına görə müavinət - 500

- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – 200 manat.

Müavinətin təyin edilməsi üçün şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına, DOST Mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə təqdim edilməlidir.

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

 

Pərviz Əliyev

Ailə və uşaq məsələləri üzrə ekspert