Təhlükəsizlik təhlükənin olmaması dey...
Məktəbəqədər müəssisələrdə oyuncaqlar müvafiq şəkildə yerləşdirilməlidir ki, bu da müəyyən oyun avadanlıqlarının istifadəsini tələb edir: şkaflar, çarxlar, top saxlamaq üçün torlar.
Tələblərin ödənilməsi üçün açıq rəflərin istifadəsi məqsədəuyğundur. Rəflər elə yerləşdirilməlidir ki, uşaqlar asanlıqla, kiminsə köməyi olmadan oyuncaqları götürüb daha sonra yerinə qoya bilsinlər. Hər bir oyuncağın öz daimi yeri olmalıdır. Böyük tikinti materialları üçün aşağı rəflərdən istifadə etmək daha məqsədəuyğundur, süjet-obrazlı oyuncaqlar və stolüstü çap oyunları üçün – yuxarı rəflər daha uyğundur. Oyuncaqların yerləşməsini gözdən keçirərək bəzi oyuncaqların digərləri ilə örtülməməsini təmin etmək lazımdır.
Oyuncaqları hazırlamaq və onları təmizləmək üçün sərf olunan vaxt da əhəmiyyətli rol oynayır. Didaktik və süjet-obrazlı oyuncaqları qutulara, xırda səbətlərə qoymaq daha əlverişlidir, çünki bu halda uşaqlar asanlıqla oyuncaqları masalara və ya oyun yerlərinə apara və oyun bitəndən sonra yığa bilirlər. Bununla yanaşı, bu üsul uşaqlarda oyuncaqlara qayğıkeş münasibət, hərəkətlərin mütəşəkkilliyi, qayda-qanun hissi aşılayır.
Musiqi oyuncaqlarını onların səslənməsinin keyfiyyətini qorumaq üçün şüşəli dolablara yerləşdirmək daha yaxşıdır. Didaktik oyuncaqlar xüsusi şkafda saxlanılır.
Oyuncaqların yerləşməsi yalnız məqsədə uyğun deyil, həm də cəlbedici olmalıdır. Süjet-obrazlı oyuncaqlar - kuklalar, heyvanlar, ev heyvanları - sanki özlərinə çağırırlar və sanki uşaqları gözləyirlər.
Oyuncaqların saxlanma qaydası müəyyən dərəcədə daimi olmalıdır, yəni dəyişikliyə yol verməməlidir. Uşaqlar, xüsusilə də böyük məktəbəqədər yaşlı uşaqlar, zaman-zaman oyuncaqları necə yerləşdirməyin, onların yerləşdirilməsinin estetik olması, qrupun ümumi tərtibatını pozmaması üçün onlardan rahat istifadə etməyin müzakirəsinə cəlb olunurlar. Oyundan sonra səliqə-səhman yaradılmalıdır. Məktəbəqədər yaşlı uşaqlara oyuncaqları qaydasında qoymağı öyrətmək - erkən yaşlarından ağıllı qənaətcilliyi, mütəşəkkilliyi, səliqəliliyi və ətrafındakıların əməyinə hörməti tərbiyə etmək deməkdir.
Oyuncaqların seçilməsi qaydaları:
✓ Oyuncaq sizi və körpənizi sevindirməli, müsbət emosiyalara səbəb olmalıdır;
✓ Oyuncaq uşağı yormamalı və həddən artıq yükləməməlidir;
✓ Oyuncaq uşağın inkişafının fərdi xüsusiyyətlərinə və oyunda onun tələbatına cavab verməlidir;
✓ Oyuncaq maraq doğurmalı, oyun dinamikasına malik, onunla fəal hərəkətə həvəsləndirməlidir;
✓ Oyuncaq uşağın dünyagörüşünü genişləndirməli və uşağı idrak-tədqiqat fəaliyyətinə sövq etməlidir.
Oyuncaq uşağın zehni inkişafında vacib amildir. Oyuncaqlar estetik zövqü təmin etməli və inkişaf etdirməlidirlər. Buna görə dəuşağın kollektiv səylərə həvəsini artırmalı və təşviq etməlidirlər.
Şübhəsiz ki, bütün oyuncaqlar gigiyena tələblərinə cavab verməlidir.
Oyuncaqların keyfiyyətinin qiymətləndirməsi
Oyuncağı alarkən biz onun uşağa nə öyrədəcəyi barədə fikirləşirik? Onda hansı hisslər yaranacaq? Qorxmurmu? Uşaq böyüdükcə oyuncaq haqqında onun hansı xatirələri qalacaq?
Unutmamalıyıq ki, oyuncaq uşağa nəyisə öyrətməlidir, onda yalnız sevinc və mehribançılıq hissləri oyatmalıdır.
Çox vaxt valideynlər uşağın oyuncaqlarla oynamadığını, ancaq atanın evdə bir şey düzəltməsindən sonra qalan ev əşyalarına və ya taxta küplərə üstünlük verdiklərini deyirlər. Uşaqların bir çox başqa oyuncaqları olsa da, tez-tez anasının tikdiyi bezli oyuncaqlar ilə oynayırlar. Niyə? Çünki ağacdan hazırlanan oyuncaq "sərt" və "isti", parça və yundan hazırlanan ev kukla isə "isti" və "yumşaq" olur. Uşağın barmaqları cansız plastiklərə və ya soyuq metala toxunmur, isti və təbii materiala toxunur.
Alimlərin fikrincə, oyun və oyuncaq hər hansı bir mədəniyyətin ən vacib tərkib hissəsidir. Mədəniyyət necədir, oyuncaqlar da belədir. Oyuncağın köməyi ilə uşağa insan münasibətlərinin mahiyyəti ötürülür. Oyuncaq, uşaq psixikasına və körpənin şəxsiyyətinin inkişafına ciddi təsir edir. Həqiqətən, o, canlı və gerçəkdir. Bir oyuncaq ilə oynayan uşaq ən çox özünü oyuncaqla eyniləşdirir. Uşaqlar vaxtının çox hissəsini oyuna sərf edirlər.
Oyuncaq cəmiyyətdə qəbul edilmiş normalara və mənəvi-əxlaqi dəyərlərə kömək edərsə, maksimum fayda gətirir.
Oyuncaq zərərlidir, əgər o:
✓ Uşağı aqressiyaya və qəddarlığa təhrik edirsə;
✓ Qorxu və ya narahatlıq doğurursa;
✓ Uşağın tam inkişafına ziyan vuran psixoloji asılılığa səbəb olursa;
✓ Ətraf gerçəkliyin qavranılmasını təhrif edirsə.
Oyuncaq faydalıdır, əgər o:
✓ Təhlükəsizdirsə;
✓ Cəlbedicidirsə;
✓ Estetikdirsə;
✓ Uşağın yaş imkanlarına uyğundursa;
✓ Çoxfunksiyalıdırsa (uşağın bacarıqlarının inkişafı üçün imkan verir: fiziki, mənəvi, əxlaqi və s.);
✓ Ekoloji təmiz materiallardan hazırlanıbsa;
✓ Qablaşdırılmışdırsa.
Oyuncağın tərtibatına müəyyən tələblər qoyulur:
✓ Oyuncaq uşaqda emosional münasibət yaratmaq, bədii zövqü tərbiyə etmək üçün cəlbedici, rəngarəng tərtibatda olmalıdır;
✓ Bədii ifadə dizaynın, formanın, rəngin ahəngdar birləşməsi ilə təmin olunmalıdır;
✓ Oyuncağın hazırlandığı material seçilməlidir (yumşaq, tüklü materialların müsbət emosiyalara səbəb olduğunu, uşaqları oyuna təşviq etdiyini təsbit etdilər; kobud və soyuq səthli oyuncaqlar, bir qayda olaraq, sevilmir);
✓ Oyuncaqlar uşağın həyatı və sağlamlığı üçün təhlükəsiz olmalıdır və bir sıra gigiyenik tələblərə cavab verməlidir.
Tərbiyəçi oyuncaqların vəziyyətinə tez-tez nəzarət etməli, onların vaxtında təmirinə, qüsuru olan oyuncaqların isə kənarlaşıdırılmasına diqqət yetirməlidir.
Məktəbəqədər müəssisədə oyuncaqlar müvafiq şəkildə yerləşdirilməlidir ki, bu da müəyyən avadanlıqlardan istifadə olunmasını tələb edir: rəflərdən, qutulardan, topların saxlanması üçün torlardan.
Müasir tələblərə tam cavab verən oyuncağın yaradılması müxtəlif profilli mütəxəssisləri: müəllimləri, psixoloqları, həkimləri, rəssamları, heykəltəraşları, dizaynerləri, texnoloqları, mühəndisləri bir araya gətirməklə mümkündür.
Sosioloqların fikrincə bir çox ölkələrdə eyni qeyri-sağlam tendensiya yaranmaqdadır: uşaqlara bahalı oyuncaqlar almaqla böyüklər öz yüksək sosial statusunu, öz rifahını vurğulamağa çalışır. Psixoloqlar sosioloqların bu narahatlığını bölüşərək hadisələrin bu cür inkişafının böyüməkdə olan nəslin mənəvi dəyərlərinin azalmasına səbəb ola biləcəyindən ehtiyat edirlər.
Alimlər belə qənaətə gəliblər ki, uşaqda çox sayda oyuncaq olsa da o, onlardan yalnız 2-3-nü seçir, onlarla oynayır və həmin oyuncaqlar digər oyuncaqları da əvəz edir. Bu səbəbdən, uşağın az sayda oyuncağı olması daha yaxşıdır, çünki bu halda uşaq onlara diqqət və məhəbbətlə yanaşacaq.
Xalidə Həmidova
Pedaqoq, UNİCEF-in milli təlimçisi
Fikriniz
0
0