Hər bir valideyn övladının sağlamlığının q...
Dizartriya nitqin tələffüz tərəfinin və nitq aparatının innervasiyasının pozulması ilə nəticələnir. Qüsurun əsas aparıcı əlamətləri tələffüzün və nitqin prosedik tərəfinin pozulmasıdır. Dizartriya sinir sisteminin orqanik zədələnməsi nəticəsində baş verir. Mərkəzi sinir sisteminin ağır zədələri zamanı nitq tamamilə anlaşıqsız olur, bunun da səbəbi nitq hərəkət əzələlərinin tam iflicidir. Belə qüsur anartriya adlanır. Dizartriya zamanı nitqin tempi, ritmi pozulmuş olur, nitq aydın olmur, karlaşmış olur. Dizartriyanın ağır və yüngül formaları olur.
Dizartriyanın simptomları
Nitq qüsurunun ağırlığına görə dizartriyanın 4 dərəcəsi mövcuddur.
I dərəcə zamanı - səs tələffüzünün kobud pozulması müşahidə olunmur. Qüsurun dərəcəsi yalnız loqoped müşahidəsindən sonra təsdiqlənə bilər.
II dərəcə zamanı – nitqin başa düşülməsi saxlanılsa belə, qüsurun olması artıq müşahidə olunur.
III dərəcə zamanı – nitqin başa düşülməsi yalnız yaxın ailə üzvlərinə aydın olur.
IV dərəcə zamanı – nitq olmur, yaxud kobud şəkildə pozulmuş olur.
Dizartriyanın klinik xarakterik simptomlarına aşağıdakılar aiddir:
· səslərin, hecaların, sözlərin təhrif olunması
· üz əzələlərinin gərgin (tonuslu) olması
· artikulyar aparatın (dil, dodaq) hərəkətliliyinin orqanik pozulması
· ağız sulanması: səsin zəif olması
· nəfəs vermənin, nəfəs almanın qısa olması
Dizartriyanın növləri
Dizartriyanın aşağıdakı növləri var:
· Bulbar dizartriya
· Psevdobulbar dizartriya (yalançı bulbar)
· Qabıqaltı dizartriya
· Qabıq dizartriya
· Beyincik dizartriya
Bulbar dizartriya
Bulbar dizartriya uzunsov beynin sətəlcəmi, şişləri və kəllə beyin travmaları nəticəsində yaranır. Bu zaman uzunsov beyində yerləşən hərəkət sinirləri dağılmış vəziyyətdə olur (dil-udlaq sinir, azan sinir, dilaltı sinir, üz siniri zədələnmiş olur). Bulbar dizartriyanın xarakterik əlamətləri udlağın, dilin, qırtlağın, yumşaq damağın iflici və parezidir. Üz maska formasında olur, üz əzələlərinin atrafiyası müşahidə olunur. Bulbar dizartriya zamanı səs öz cingiltiliyini itirir, karlaşmış olur, monotonlaşır, aydınlığını itirir. Bulbar iflicli insanda yeganə göz hərəkət edir.
Psevdobulbar dizartriya
Psevdobulbar dizartriya baş beynin orqanik zədələnməsi nəticəsində yaranır. Baş beyin qabığından dil-udlaq, azan, dilaltı sinirlərə gedən hissələrin pozulması nəticəsində uşaqlarda psevdobulbar iflic və ya parez müşahidə olunur. Psevdobulbar iflic nəticəsində uşaqlarda ümumi motorika və nitq motorikası pozulur. Uşaq pis əmir, udur və hıçqırır. Ağzından selik axır və üz əzələlərinin zədələnməsi müşahidə olunur.
Psevdobulbarın 3 dərəcəsi var:
• Yüngül - artikulyar aparatın motorikasının ağır pozulmaları olmur. Artikulyasiyanın çətinliyi dilin və dodaqların zəif və qeyri dəqiqliyi ilə şərtlənir, az hərəkətli olur.
• Orta – uşaqlarda bu dərəcəyə daha çox rast gəlinir. Üz əzələlərinin zədələnməsi müşahidə olunur. Uşaq yanağını şişirdə və irəli uzada bilmir, dilin hərəkətliliyi məhdud olur, dili sağa-sola çevirə, yuxarı qaldıra və düz saxlaya bilmir. Yumşaq damaq az hərəkətli, səs isə nozal olur, çeynəmə və udma aktları çətinləşir. Belə uşaqların nitqi yorğun, sakit, başadüşülməz olur.
• Ağır – psevdobulbarın ağır dərəcəsi anartriyadır. Bu zaman üz maskavari, alt çənə aşağı doğru, ağız açıq vəziyyətdə, dil ağzın dibində, dodaqlar isə hərəkətsiz olur. Nitq tamamilə iştirak etmir, bəzən isə ayrı-ayrı səslər tələffüz edilir.
Qabıqaltı dizartriya
Qabıqaltı dizartriya baş beynin qabıqaltı düyünlərinin zədələnməsi nəticəsində yaranır. Qabıqaltı dizartriya zamanı uşaqlarda əzələ tonusunun pozulması və hiperkinezlər müşahidə olunur. Hiperkinezlər artikulyar və mimiki əzələlərində qeyri-iradi hərəkətlərin olmasıdır. Bu hərəkətlər sakit vəziyyətdə müşahidə oluna bilər, lakin danışıq zamanı daha da güclənir. Qabıqaltı dizartriyanın xarakterik əlamətləri nitqin tempinin, ritminin və intonasiyanın pozulmasıdır.
Qabıq dizartriya
Qabıq dizartriya baş beyin qabığının zədələnməsi ilə şərtlənir. Baş beyin qabığı artikulyar əzələsinin hərəkətliyinə cavabdehdir. Qabıq dizartriya zamanı dilin çox zəif və incə, hərəkətliyinin isə məhdudluğu müşahidə olunur. Sözlərin strukturunda çətin səs və hecaların tələffüzü pozulur.
Beyincik dizartriya
Dizartriyanın bu forması beynin zədələnməsi ilə şərtlənir. Bu növ zamanı dodaq dilin əzələlərinin tonusu aşağı olur, dil ağızda yastılaşmış, hərəkətsiz olur. Hərəkət tempinin zəifliyi, yumşaq damağın sallanmış, çeynəmənin zəifliyi, səslərin nozallaşması müşahidə olunur. Nitq uzadılmış olur və daimi olaraq səsin ucalığı dəyişir.
Dizartriyanın diaqnostikası
Dizartriyanın klinik simptomları müşahidə olunarsa loqoped və nevropatoloq tərəfindən müayinə aparılır. Loqopedik müşahidə nitqin şifahi və yazılı tərəfi üzrə aparılır.
· Elektroensefaloqrafiya
· Elektromioqrafiya
· Baş beynin MRT-si
Müalicə
Dizartriyanın korreksiyası loqopedik məşğələlər ilə aparılır. Bundan əlavə həkimin nəzarəti ilə böyük kiçik və nitq matorikasının inkişafı üçün medikamentoz və reabilitasiya terapiyaları təyin edilir.
Reabilitasiya terapiyalarına aiddir:
· Fizioterapiya - Müalicəvi idman
· İynə ilə terapiya (akupunktur)
· Refleksoloji terapiya
Defektoloq-loqoped
Bəhram Ələkbərov
Fikriniz
0
0