Erkən yaşda uşaqların sağlamlığı ilə bağlı məcburi tədbirlər

Hər bir valideyn övladının sağlamlığının qayğısına qalmalıdır. Ölkəmizdə ixtisaslaşdırılmış tibbi yardım göstərən səhiyyə müəssisələri vardır və icbari tibbi sığorta çərçivəsində hər bir uşağa ödənişsiz səhiyyə xidmətləri göstərilir. Valideynlər övladlarına hansı yaşda hansı səhiyyə dəstəyinin göstərilməsindən məlumatlı olmalıdır.

Qanunvericiliyə əsasən (uşaqların icbari dispanserizasiyası) uşaqlara yaş qrupuna görə göstərilməli olan tibbi yardımlar aşağıdakılardır:

·      Yeni-doğulmuş uşaqlar üzrə həkim-pediatrın müayinəsi - doğum evindən çıxdıqdan 3 gün ərzində və sonrakı müayinələr doğuşun gedişindən asılı olaraq 7-10 gündən bir - evdə, 1 aylığında poliklinikada. Müayinə zamanı xüsusi diqqət yetirilməli hallar bunlardır: müxtəlif orqan və sistemlərin, xüsusilə sinir sisteminin, göbək həlqəsinin vəziyyəti, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması. Bu zaman qidalanmanın və gündəlik rejimin düzgün təşkilinə diqqət yetirilməlidir.

·      1 yaşadək uşaqlar üzrə həkim-pediatrın müayinəsi - ayda 1 dəfə, həkim-cərrah, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq və həkim-nevropatoloq 3 ayınadək - 1 dəfə, digər mütəxəssislər-ehtiyac olduqda. Müayinə zamanı xüsusi diqqət yetirilməli hallar bunlardır: boyun, çəkinin, başın və döş qəfəsinin ölçülərinin dinamikası, uşağın sinir və psixi inkişafının vəziyyəti, sümük-əzələ sisteminin, daxili orqanların vəziyyəti, anadangəlmə qüsurların olması. Bu yaş qrupu üzrə qanın ümumi analizi, göstəriş olarsa 6 aylığınadək yoxlanılmalı, 2-ci yarımillikdə qanın ümumi analizi yoxlanılmalıdır. Bu yaş dövründə uşağın təmiz havada olması, qidalanmanın xüsusiyyəti və gündəlik rejimin təşkili, 3 həftəliyindən raxitin profilaktikası, masaj, gimnastika, ümumi sağlamlaşdırıcı prosedurların aparılması vacibdir.

·      2 yaşlı uşaqlar üzrə həkim-pediatrın müayinəsi - rübdə 1 dəfə, həkim-otorinolarinqoloq, həkim-stomatoloq il ərzində 1 dəfə, digər mütəxəssislər-ehtiyac olduqda. Əlavə olaraq, süd dişlərinin çıxmasında defektlərin vaxtında aşkar edilməsi vacibdir. Sidiyin, qanın ümumi analizi və nəcisin qurd yumurtalarına yoxlanılması olmalıdır. Həmçinin, payız və qış mövsümündə raxitin profilaktikası vacibdir.

·      3 yaşlı uşaqlar üzrə həkim-pediatrın müayinəsi -  6 aydan bir, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-stomatoloq, loqoped ildə 1 dəfə, digər mütəxəssislər-ehtiyac olduqda. Uşağın psixo-nevroloji və fiziki inkişafı, sümük-əzələ sistemi, diş-çənə, daxili orqanların ümumi vəziyyəti yoxlanılmalıdır. Möhkəmləndirici tədbirlər, gimnastika, yaşa uyğun rejimin qurulması, xroniki infeksiya ocaqlarının sanasiyası vacibdir.

·      4-5 yaşlı uşaqlar üzrə həkim-pediatrın müayinəsi - həkim-otorinolarinqoloq, həkim-oftalmoloq, nevropatoloq, həkim-stomatoloq, həkim-cərrah, loqopedin ildə 1 dəfə baxışı, digər mütəxəssislər-ehtiyac olduqda. Psixonevroloji və fiziki inkişafın xüsusiyyətləri: danışıq, qamət, eşitmə, görmə, dişlərin çıxmasında defektlərin vaxtında aşkar edilməsi vacibdir. Antropometriya-ildə 1 dəfə, nəcisin, qanın ümumi analizləri - ildə 1 dəfə, digər müayinələr (göstərişə əsasən) olmalıdır.

 

Ailə və uşaq məsələləri üzrə ekspert

Pərviz Əliyev