Rinolaliya latınca “rinos”-burun, &...
Bütün dünyada peyvəndləmənin məqsədi infeksiyaların yayılmasına nəzarət etmək, xəstəliyin aradan qaldırılması, infeksiya və xəstəliyə səbəb olan patogenin tam şəkildə aradan qaldırılmasıdır.1977-ci ildə çiçək xəstəliyinin qlobal eradikasiyası, 1991-ci ildə ABŞ-da poliomielit xəstəliyinin aradan qaldırılması, 2000-ci və 2002-ci illərdə ABŞ-da endemik qızılcanın, məxmərək və anadangəlmə məxmərək sindromunun aradan qaldırılması düzgün aparılmış peyvəndləmə siyasətinin nəticəsidir.
Uşaqlarda peyvənd tətbiqinin əsas məqsədi onları ciddi yan təsirləri və ölümə səbəb ola bilən xəstəliklərdən qorumaqdır. Eyni zamanda, geniş yayılmış peyvəndləmə ilə kütləvi immunitet təmin edilir. Kütləvi immunitet ilə peyvənd olunması mümkün olmayan şəxslərin (məsələn, xərçəng və s. xəstəliklərə görə müalicə alanlar və ya peyvəndin yetərsiz olduğu hallarda) qorunması təmin edilir.
Peyvənd tətbiqinin digər məqsədi ölümcül ola biləcək yoluxucu xəstəliklərin aradan qaldırılmasıdır. Bu məqsədlə çiçək xəstəliyinin kökü çoxdan kəsilmişdir. Bundan əlavə, 1994-cü ildə Amerika qitəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən uşaq iflicindən azad edilmiş bölgə elan edilmişdir. Ölkəmizdə də 1995-ci ildən bu yana buvirusun səbəb olduğu uşaq iflici hadisəsinə rast gəlinmədiyi üçün Azərbaycan ÜST tərəfindən uşaq iflicindən azad ölkə kimi qəbul edilmişdir.
Hazırda ölkəmizdə uşaqlar arasında profilaktik peyvəndlər Səhiyyə nazirliyi tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır.
Azərbaycanda peyvənd proqramları 19-cu əsrin sonlarından başlayaraq tətbiq edilmişdir. 1990-cı illərdən etibarən müstəqillik dövründə bu proqramlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Azərbaycanda uşaqlara 12 xəstəliyə qarşı peyvənd tətbiq edilir:
1. Qızılca
2. Məxmərək
3. Epidemik parotit
4. Difteriya
5. Tetanoz
6. Boğmaca
7. Hepatit B
8. Poliomielit
9. Hemofilus influenza tip B
10. Vərəm (BCG)
11. Pnevmoniya (PCV)
12. Suçiçəyi
Uşaqlıq dövründə peyvəndlənmə faizlərinin artırılması üçün ailələr və uşaq həkimlərinə əhəmiyyətli vəzifələr düşür. Həkimlər peyvənd əleyhinə olan fikirlərə qarşı elmi həqiqətləri valideynlərə ətraflı şəkildə izah etməli və peyvəndlənmənin əhəmiyyətini vurğulamalıdırlar. Eyni zamanda, həkimlər cəmiyyətdəki yanlış inancları aradan qaldırmaq üçün səy göstərməlidirlər. Peyvəndin dəstəklənməsi ilə uşaqlıq dövründə yüksək peyvəndlənmə faizlərinə nail olmaq mümkün olacaqdır.
Şəbnəm Bağırlı
Pediatr
Fikriniz
0
0