Övladlığa uşaq götürmə prosesi necə həyata keçirilir?

Günümüzdə bəzi ailələr övladları olmadığına görə boşanmağa qərar verirlər. Bir çox ailələr isə övladlığa uşaq götürərək ailəni qorumağı daha üstün hesab edirlər. Əlbəttə övladlığa uşaq götürmək prosesi bir müddət vaxt tələb edir. Övladlığa uşaq götürmək istəyən ailələr bəs hansı addımlar atmalıdır? Övladlığa uşaq götürmək necə bir prosesdir?

Azərbaycanda övladlığa götürmə prosesi qanunvericiliklə tənzimlənir və bir çox tələblər müəyyən edilir. Bu tələblər uşaqların hüquqlarının qorunması və müdafiəsi baxımından olduqca önəmlidir.

Məsələn, uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Həmçinin, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından, yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.

Övladlığa götürmə hansı mərhələlərdən ibarətdir?

Övladlığa götürmə 3 mərhələdə həyata keçirilir:

-       övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;

-       övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;

-       övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:

-       övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması, maddi-məişət şəraitinin müayinəsi;

-       övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

-       övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

-       övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

-       övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Bəs kimlər övladlığa uşaq götürə bilməz?

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;

- məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;

- qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;

- əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;

- səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;

- məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;

- barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;

- ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla) övladlığa uşaq götürə bilməzlər.

Həmçinin, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır. 

Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) dair yaş tələbləri necədir? 

- Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.

- Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

- Uşağın övladlığa verilməsi zamanı nikahda olan şəxslərə (azı 3 il (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 (beş) il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə), habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.

- Məhkəmə tərəfindən üzrlü hesab edilən hallarda müəyyən edilən yaş fərqi azaldıla bilər. 

Övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsinə də yol verilir. Belə ki, övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır.  Övladlığa götürən ər-arvadın soyadları müxtəlif olduqda, onların razılığı ilə övladlığa götürülən uşağa ərin və ya arvadın soyadı verilir. Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Ailə Məcəlləsinin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir.

Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir.

Həmçinin, övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər. Övladlığa götürülmüş uşağın doğum tarixi uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər. Övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə qətnaməsində göstərilir. 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.

Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər.  Övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun razılığı lazımdır.

Övladlığa götürülmüş uşaq 10 yaşına çatdıqda onun arzusu ilə müvafiq icra hakimiyyəti orqanı onun övladlığa götürülməsi ilə bağlı məlumatları ona təqdim edə bilər.

 

Pərviz Əliyev

Ailə və uşaq məsələləri üzrə ekspert