Oyuncaq seçimi

Uşaqlarımıza oyuncaq alarkən nələrə diqqət etməliyik?

            Uşağımızın sağlamlığı hər şeydən vacib olduğu üçün uşağımıza oyuncaq alarkən də bu aspekti nəzərimizdə saxlamalıyıq. Seçdiyimiz oyuncağın sağlamlığa zərərli maddə və boyalardan hazırlanmadığına diqqət etməklə yanaşı, həm də seçdiyimiz oyuncağın uşağımız üçün təhlükəsiz olmasına əmin olmalıyıq. Buna görə də oyuncaq alarkən mütləq hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirmək lazımdır. Körpələr/kiçik uşaqlar əşyaları ağızlarına aparmağa, yerə atıb və ya bir-birinə vurub səsini dinləməyə meyilli olurlar. Bu səbəblə xüsusilə 2 yaşından kiçik uşaqlara oyuncaq seçərkən, boğulma təhlükəsi yarada biləcəyindən kiçik hissəli oyuncaqlardan, atdıqda və ya bir-birinə vurulduqda sınaraq uşağa xəsarət yetirə biləcək teksturalardan (məs. incə şüşədən) hazırlanmış oyuncaqlardan uzaq durulmalıdır.

            Həmçinin oyuncaq estetik olmaqla yanaşı gigiyenik də olmalıdır. Bilirik ki, parlaq rəngli, estetik cəhətdən gözə xoş gələn oyuncaqlar uşaqların diqqətini daha çox çəkir. Lakin alarkən valideynlərin yuyulabilən və ya təmizlənə bilən oyuncaqlara üstünlük vermələri tövsiyə olunandır. Çünki uşağın oyuncaqları vaxtaşırı təmizlənməlidir, bir oyuncaqla birdən çox uşaq oynadığı hallarda isə oyuncaqlar daha tez-tez təmizlənməlidir. Ancaq oyuncaqları təmizləyərkən xlor kimi ağır kimyəvi maddələrdən uzaq durmaq lazımdır.

            Oyuncaq seçərkən ən əsas məsələ odur ki, mütləq seçdiyimiz oyuncaq uşağın inkişaf səviyyəsinə uyğun olmalıdır. Oyuncaq uşağa çox asan və ya çox çətin gələrsə onun oyuncağa olan marağı tez itəcəkdir. Məsələn 1 yaşındaki bir uşağa gəlincik oyuncağının alınmasının ona heç bir faydası yoxdur, o gəlinciyi sadəcə sındıracaqdır. Beləliklə də valideyn düşünəcəkdir ki, onun övladına oyuncaqlar maraqlı deyil. Və bu fikirlə də o övladına oyuncaq almaqdan çəkinəcəkdir. Nəticədə isə uşaq gələcəkdə öyrənmə prosesində ona çox kömək edəcək bir vasitədən məhrum olacaqdır.

            Bəs uşağın inkişaf səviyyəsinə uyğun deyəndə biz nəyi nəzərdə tuturuq?

            Bilirik ki, uşaqlar dünyanı oyunlar vasitəsilə kəşf edirlər və doğulduqdan etibarən oyunun bir neçə mərhələsindən keçirlər. Yəni 6 ayına qədər uşaqlar oyunun hissetmə mərhələsində olurlar. Bu dövrdə uşaqlar dünyanı hiss edərək öyrənirlər, parlaq, hərəkət edən, səs çıxardan əşyalara maraq göstərirlər, izləyirlər, eşidirlər, toxunurlar. Öz əl və ayaq barmaqlarını, əllərinə verilən oyuncaqları ağızlarına aparırlar. Bəzən valideynlər bu halı müşahidə etdikdə buna mane olmağa çalışırlar, ancaq buna mane olmaq uşağın kəşf etməsinə və öyrənməsinə mənfi təsir edir. Burada etməli olduğumuz uşağın ağzına apardığı oyuncaqların uşaq üçün təhlükəli olmaması və gigiyenik olmasıdır.

            6-15 ayında uşaqlar artıq aşkarlıq mərhələsinə keçirlər. Bu dövrdə uşaqlar oyuncaqları bir-birinə vurur və ya yerə ataraq izləyirlər, xüsusilə əllərinin çatdığı şkafları açıb içindəki əşyaları boşaldıb onlarla oynayırlar. Bu dövrdə uşaqlar aça bilməsin deyə valideynlərin şkafların ağzını müxtəlif vasitələrlə bağladığını da müşahidə edirik ki, bu hal uşağı kəşf etmədən məhrum qoyur. Ona görə də xüsusən bu dövrdə uşaq üçün təhlükəsiz mühit yaratmalı, uşağın əlinin çata biləcəyi yerlərə bıçaq kimi kəsici-dəlici və ya düşəndə sınaraq uşağa zərər verə biləcək əşyalar qoyulmamalıdır. Bu dövrdə uşaqlar oyuncaqları dağıtmağa, sındırmağa daha meyilli olduğundan valideynlər elə düşünə bilərlər ki, uşaqları oyuncaq sevmir və ya oyuncaqları həmişə sındırdığı üçün uşağa oyuncaq almaq istəməyə bilərlər. Ancaq burada başa düşülməlidir ki, uşağın bu mərhələdə oyuncağı sındırması normaldır. Bu onun aşkar etmə üsuludur. Bu dövrdə valideynlər uşaqla birlikdə oynayaraq ona həmin oyuncaqlardan necə istifadə etmək lazım olduğunu göstərməlidirlər.

            15 ayından etibarən isə uşaqlar konstruktiv mərhələyə keçirlər və bu mərhələ təxminən 2.5 yaşına qədər davam edir. İndiyə qədər əşyaları və oyuncaqları dağıdaraq kəşf etmək istəyən uşaq artıq onları yığaraq biləşdirərək yeni şeylər kəşf etməyə çalışır. Yəni kubiklərdən, leqolardan nə isə düzəltməyə çalışırlar, rəngli karandaşlarla cızma qara edib nə isə çəkməyə çalışırlar və s.

            2 yaş yarımından etibarən isə uşaqlar artıq oyunun sosial mərhələsinə keçirlər ki, bu zamana qədər tək oynamağa üstünlük verən uşaqlar artıq tədricən digər uşaqlarla oynamağa başlayırlar. Bu dövrün başlarında artıq uşaqlarda “mış kimi” dediyimiz simvolik oyunlar müşahidə edirik, yəni məsələn uşaq hər hansısa bir əşyanı götürüb telefonmuş kimi qulağına aparıb onunla oynaya bilər. İrəliləyən zamanlarda isə artıq uşaq qaydalı oyunlar oynamağa başlayır.

            Valideynlər bu mərhələlərə uyğun düzgün oyuncaqları  necə seçə bilərlər?

Əgər uşağınız oyunun hissetmə mərhələsindədirsə, yəni 0-6 aylıqdırsa:

- eşitmək üçün: zınqırovlu oyuncaqlar, zənglər və s. kimi səs yaradan oyuncaqlar;

- toxunmaq üçün: içərisi müxtəlif maddəllərlə (qum, noxud və s.) doldurulmuş oyuncaqlar, sıxılan oyuncaqlar və s. kimi müxtəlif teksturalardan hazırlanan oyuncaqlar;

-  görmə üçün: beşiyin üstünə asılan oyuncaq, parlaq rəngli oyuncaqlar, işıqlı oyuncaqlar və s.

Əgər uşağınız oyunun aşkarlıq mərhələsindədirsə yəni 6-15 ay aralığındadırsa:

- kubiklər, müxtəlif teksturadan hazırlanmış toplar, piramidalar, müxtəlif oyuncaq doldurulmuş qutular, səsli-musiqili oyuncaqlar (ksilofon, nağara, oyuncaq pianino və s.), segen lövhəsi (tək hissəli, şəkillərin bir biri ilə əlaqəsi olmadığı),  2-4 hissəli pazllar-tapmacalar, karton kitablar və s.

Əgər uşağınız oyunun konstruktiv mərhələsindədirsə yəni 15 ayından 2.5 yaşına aralığındadırsa:

- kubiklər, konstruktorlar, leqolar, muncuqlar, rəngləmə üçün vəsaitlər, plastilin, çox hissəli segen lövhəsi (məs: bədən üzvləri, eyni şəkil müxtəlif ölçüdə), 4-8 hissəli pazllar, kağız səhifəli kitablar və s.

Əgər uşağınız oyunun sosial mərhələsindədirsə yəni 2.5 yaşından böyükdürsə aşağıdakı oyuncaqlar onun üçün faydalı və maraqlı olacaqdır:

- top, daha incə karandaşlar, daha kiçik muncuqlar, stolüstü oyunlar, 8-50 hissəli pazllar, əlaqə qurma pazlları (məs. ayaqqabı-corab, polis-polis maşını, rəqəm-eyni sayıda şəkil), kart oyunları, rollu-sujetli oyun materialları, gəlinciklər, velosiped və s.

 

 

Ülviyyə Mirzəyeva

Uşaq inkişafı üzrə mütəxəssis, həkim