Rinonaliya

Rinolaliya latınca “rinos”-burun, “laliya”-nitq deməkdir. Rinolaliya-artikulyar aparatın fizioloji və anatomik qüsuru ilə şərtləşən səs qüsurudur. Bu zaman nəinki səs tələffüzündə, həmçinin qavramada, səs tembrində də qüsurlar olur. Dovşandodaqlıq və qurdağızlıq rinolaliyanı yaradan əsas səbəblərdəndir. Bu zaman cərrahi müdaxilə vacibdir. Rinolaliya açıq və qapalı olur. Açıq rinolaliya zamanı hava danışıq zamanı nəfəsdən deyil, burundan çıxır. Bu əsasən ağız və burun boşluğunun travması, yumuşaq damağın paralici zamanı olur. Qapalı rinolaliya zamanı hava burundan çıxmır. Buna səbəb adenoid, polip və s. ola bilər. Nitq zamanı yumuşaq damaq tələffüz olunan səslərdən və nitqin sürətindən asılı olaraq fasiləsiz qalxır və düşür. Damaq-udlaq sıxılmasının gücü tələffüz olunan səsdən asılı olur. Saitlər üçün samitlərə nisbətən qapanma zəif olur. Saitlərdə burun çalarları o halda əmələ gəlir ki, yumuşaq damağın arxa tərəfi ilə udlağın arxa divarı arasında 6 mm-ə qədər boşluq olsun. Ən zəif damaq udlaq qapanması “b” samitində, ən güclü “s” samitində müşahidə edilir. Rinolaliya zamanı artikulyar aparatda olan qüsurlar uşağın nitqinə mane olur.

Rinonaliya zamanı səslərin pozuntusu müşahidə olunur, səslər burunda eşidilir. Rinonaliya 2 hissəyə bölünür: orqanik və funksional. Orqanik rinolaliya fizioloji olaraq artikulyar aparatda pozuntu kimi dəyərlənir. Yəni dovşan dodaqlar, adenoid, qurdağız buna misaldır. Funksional rinolaliya zamanı artikulyar aparatda heç bir problem olmur. Sadəcə olaraq yumuşaq damaqda əzələlər çox zəif olur. Buna əsas səbəb tez-tez yaranan xəstəliklər, sinir sisteminin pozuntusu və s. Həmçinin rinolaliya açıq, qapalı və qarışıq olur. Qarışıq rinolaliya isə ən çətinidir.

Rinolaliyalı uşaqlarla işləyərkən ilkin olaraq səsləri və artikulyar aparatı yoxlamaq lazımdır. Əgər uşaq səsləri buruna verərək danışmağa meyillidirsə onun burnuna xüsusi loqopedik burun zajemi-yoxlama qurğusu qoymaq olar. Bu zajemlər sırf loqopedik məşğələlər üçün nəzərdə tutulub. Mütləq uşaq həmçinin otolorinolarinqoloq tərəfindən yoxlanılmalı və daim müşahidə altında olmalıdır. Rinolaliyanın korreksiyası zamanı uşaqla səbr və təmkinlə işləmək lazımdır. Daim uşağı “sən düzgün danışa bilərsən” deyə inandırmaq, səslərin uzadılmasına və artikulyar aparatın məşğələlərinə xüsusi fikir vermək lazımdır. Həmçinin valideyin də evdə uşaqla işləməlidir.

 

Bəhram Ələkbərov

Defektoloq-loqoped