Hepatit B əleyhinə peyvəndən sonra immunitet

Çoxsaylı tədqiqatlar hepatit B (HB) əleyhinə vaksinin effektivliyini və peyvənddən sonrakı 10 il müddətində müdafiə qabiliyyətini saxladığını sübut etmişdir. Alyaskada aparılmış tədqiqat hepatit B əleyhinə peyvənddən sonrakı immunitetin vəziyyətini daha uzun müddət ərzində qiymətləndirmək və HB əleyhinə revaksinasiyanın ehtimal olunan vacibliyini müəyyən etmək məqsədini daşıyırdı.

 

Tədqiqatın metodaları və gedişi

1981-1982 ci illərdə Alyaskanın 15 şəhərində sakinlərdən (1578 adam) hepatit B virus antigeninə (HBsAg) və cor-antigenə (anti-HBc) münasibətdə neqativ olanlar 3 doza (0,1 və 6 ay) hepatit əleyhinə vaksinlə peyvənd edilmişdir. 1982-1992 illərdə hər il və 1996-cı ildə təkrar bir dəfə tədqiqat iştrakçılarından zərdab nümunələri götürülmüşdür . Zərdab nümunələri  HBsAg, anti-HB və səthi antigenə (anti-HBs) görə müayinə edilmişdir. Yoluxmuş insanlarda zərdabın HB DNT-ə görə müayinəsi aparılmşdır. Peyvəndin 3-cü dozasından sonra 6 ay və 1-ci dozasından sonra 1 ildən sonra anti-HBs səviyyəsi ilkin səviyyə kimi götürülmüşdür. Anti-HBs ilkin səviyəsi10 mIU/ml (milli international units per ml)  olduqda, vaksinasiyaya müsbət cavab hesab olunmuşdur. 

 

Nəticələr

967 (61%) iştrakçı tədqiqatın 11-ci (1992) və 841 (53%) iştrakçı 15-ci ilində (1996) müayinə olunmuşdur. Bu dövr ərzində tədqiqat iştrakçılarından 16-sı xəstələnmişdir. Tədqiqat iştrakçılarından 6 aydan 19 yaşınadək (vaksinasiya vaxtı) olanlarda 99%, 20-49 yaşda olanlarda 91%, 50 yaşdan böyüklərdə 68%-də vaksinasiyaya müsbət cavab alınmışdır. 

Çoxfaktorlu analiz nəticəsində müəyyən olunmuşdur ki, anti-HBs daha yüksək səviyəsinin uzun müddətli davam etməsi anti-HBs peyvəndən sonrakı ilkin səviyəsindən, peyvənd olanın yaşından asılıdır. Anti-HBs 15 ildən sonra ən aşağı səviyyəsi  6 aydan 4 yaşa qədər dövrdə peyvənd olunmuş insanlarda müəyyən edilmişdi.

Tədqiqat sübut etdi ki, HB vaksinasiyasından sonra immunitet minimum 15 il saxlanılır. Bu, həm tədqiqat iştrakçıları arasında xəstələnmə hallarının az olması, həm də anti-HBs pozitiv iştrakçıların yüksək faizi ilə təsdiq olunur. Tədqiqatın müəlliflərinin fikrincə, kiçik yaşlarda peyvənd edilmiş uşaqlarda digər yaş qruplarına nisbətən vaksinasiyadan sonrakı immunitetin daha tez itirilməsi vacib məqamdır və mümkün revaksinasiyanın vaxtını müəyyən etmək üçün  tədqiqatlar  davam etməlidir.

 

Mənbə

  1. Brian J. McMahon at el. Antibody Levels and Protection after Hepatitis B Vaccination: Results of a 15-Year Follow-up. Ann Intern Med. Mar. 1, 2005;142:333-341