Uşaqlarda qəbzliyin səbəbləri

Qəbzlik hər yaş qrupunda yayılmış bir problemdir. Qəbzliyi olan uşağın normadan daha az sıxlıqda bağırsaq hərəkətləri ola bilər. Belə uşaqların çoxunda simptomlara səbəb olan gizli bir tibbi vəziyyətolmur. Adətən qəbzlik pəhriz, davranış dəyişikliyi və ya dərmanla keçib gedə bilir. Körpələrdə və ya uşaqlarda bağırsaq hərəkətləri arasında qalan zaman yaşına və yediklərinə bağlı olaraq dəyişir. 

Normal bağırsaq alışqanlıqları:

• Doğulduğu ilk həftələrdə körpələr gündə təxminən 4 dəfə yumşaq və ya duru nəcis ifraz edirlər. Ana südü ilə bəslənən körpələr süni qidaya nisbətən daha sıx nəcis ifraz edirlər. 

• İlk üç ayda, ana südü ilə qidalanan körpələr gündə təxminən 3 dəfə yumşaq nəcis ifraz edirlər. Bəzən körpələr hər yemək sonrasında, bəzən isə həftədə bir dəfə nəcis ifrazı edə bilirlər. Çox nadir hallarda ana südü ilə qidalanan körpələrdə qəbzlik müşahidə olunur.  

• Formul südlə (süni qida qarışımı) bəslənən körpələr gündə 2-3 dəfə böyük bayıra çıxırlar. Bu, hansı süni qidanın verilməsindən də asılıdır. Bəzi süni qidalar bərk nəcisə səbəb olarkən, inək südünə qarşı həssaslığı olan körpələrdə əksinə daha duru nəcis ifrazı müşahidə oluna bilər.

• İki yaşında adətən bir uşaqda gündə 1-2 dəfə formalaşmış (amma çox qatı olmayan) nəcis ifrazı olur.

• Dörd yaşında uşaq gündə 1-2 dəfə nəcis ifraz edir.

Anormal bağırsaq alışqanlıqları:

• Qəbzliyi olan bir körpədə adətən sərt formada nəcis ifrazı görülür. Körpə uşaq bağırsaqlarını hərəkət etdirməyə çalışarkən ağlaya bilər. Əvvəlkindən daha az sıxlıqla bağırsaq hərəkətləri yaşaya bilər. Körpəniz defekasiya aktı zamanı gücənir və üz rəngi keçici də olsa qızarırsa bu, qəbzlik əlaməti ola bilər. Bir çox hallarda bunun səbəbi kiçik körpələrin bağırsaq hərəkətləri zamanı əzələ hərəkətlərini koordinasiya edə bilməməsidir. Bu zaman körpənizə ayaqlarını yüngülcə qarına doğru bükərək kömək edə bilərsiniz. Bu hərəkət,pelvisdəki əzələlərin boşalmasına və bağırsaq hərəkətinin sərbəst olmasına səbəb olur. Əgər körpəniz gücəndikdən sonra yumşaq nəcis ifraz edibsə bu, qəbzlik deyil.

• Əgər uşaq hər zamankından daha az defekasiya edirsə və bu zaman ağrıdan şikayət edirsə bu da qəbzlik əlaməti ola bilər. Əksinə normalda iki gündən bir defekasiya aktı icra edən bir uşaqda, nəcis yumşaq olarsa, çətin və ya ağrılı olmadığı müddətcə qəbzlik hesab olunmur.

• Qəbzliyi olan uşaqlarda çağırış olduqda bəzən qeyri-adi hərəkətlər edə bilirlər. Məsələn, körpələr bellərini bükərək ayaqlarını qarına sıxa bilər və ağlaya bilərlər. Təzə yeriməyə başlayan uşaqlar irəli-geri sallana bilər, ayaqlarını çarpazlaşdıraraq hüzursuz ola bilər və yaxud barmaq ucunda yeriməyə başlaya bilərlər. Uşaqlar bu “rəqsi edərkən” bir küncdə gizlənə bilərlər. Bu hərəkətlərin səbəbi defekasiya aktı etməmək istəyidir. Daha doğrusu, tualetdən qorxmaq və ya bu aktın ağrılı ola biləcəyi üçün narahatlıq  hissi onların bu şəkildə davranmasına səbəb olur.

​Qəbzliyin səbəbi nədir?

Ağrı - uşağınızın defekasiya aktı ağrılı ola bilər və bu da ağrıdan qaçmaq üçün tualetə getməkdən imtina etməsinə yol aça bilər. Bəzən böyük və sərt nəcis ifrazı anusda çatın yaranmasına gətirib çıxara bilər. Anal çat səbəbilə yaranan ağrı, xüsusilə tualetə getməkdən imtinaya səbəb ola bilər. Bu halda müalicə tövsiyə olunur. Erkən müalicə uşağınızın nəcisi tutmasının qarşısını almağa kömək edir.

Öyrəşmədiyi yeni mühit - uşağın bağırsaq hərəkətini icra edə biləcəyi rahat bir yeri yoxdursa, məşğuldursa defekasiya aktını gecikdirə bilər. Belə hallar, uşaq yeni məktəbə başladıqda, gigiyena narahatlıqları səbəbilə bağırsaq hərəkətlərindən boyun qaçırdığı halda və yaxud məktəbdə tualetə getməyə utandığı halda baş verə bilər.Uşağınıza, bədənimiz bizə bunu etməyin lazım olduğunu dedikdə, bunun çox yaxşı bir fikir olduğunu izah edin. Məktəbdə tualeti istifadə etməyin normal hal olduğu barəsində uşağınızla söhbət edin. Erkən dönəmdə bu tipli təlimlər gələcəkdə məktəbə başlayan zaman qəbzliyin qarşısını almağa yardım edəcək.

Tibbi problemlər - bütün uşaqların 5%-dən azında qəbzliyə səbəb olur. Qəbzliyə səbəb olan ən çox yayılmış tibbi vəziyyətlərdən bəzilərini misal çəkə bilərik: hirschsprung xəstəliyi, anusun anormal inkişafı, onurğa anomaliyaları və bəzi dərmanlar. 

​Nə zaman yardım alınmalıdır? 

Uşağınızda şiddətli qarın ağrısı varsa və ya aşağıdakılardan hansısa biri meydana gələrsə dərhal həkimə zəng edin:  

• körpəniz (dörd aydan kiçik) həftədə üçdən az defekasiya aktı edirsə;

• körpənizdə qusma və ya həddinən artıq ağlama kimi başqa simptomlar varsa;

• körpənizin (dörd aydan kiçik) nəcisi sərtdirsə;

• körpə və ya uşaq qəbzlik səbəbilə yemək yemir və ya çəki itirirsə;

• körpənizin qarnı şişkindir və ya qusursa;

• uşağın nəcisində və ya bezində qan görürsünüzsə;

• uşağınızda təkrarlayan qəbzlik atakları varsa;

• ağrı şikayəti varsa;

• uşağınıza tualet təlimi verməkdə problem yaşayırsınızsa və ya uşaq oturmaq istəmir, yaxud defekasiyadan qorxursa.

 

Poluxova Şəlalə

Pediatr