Uşaqlar ilk nə zaman stomatoloqa getməlidir?

 

Stomatoloqlar 1 yaşından etibarən bütün valideynlərə ildə iki dəfə övladlarını stomatoloq müayinəsinə aparmağı tövsiyə edirlər.Xüsusilə 2-3 yaş periodu süd dişlərinin sürməsinin tamamlandığı period, 5-6 yaş həm ilk daimi azıların çıxdığı, həm süd dişlərinin daimi dişlərlə əvəz olunması periodu, həm də çənə quruluşu üçün ilkin fikir formalaşması baxımından önəmlidir.

Uşaqları mümkünsə ilk müayinə üçün uşaq stomatoloqlara aparın. Həm fobiya yaranmaması, həm daha doğru yönləndirmə, həm daha dəqiq diaqnoz üçün bu şərtdir. Təəssüf ki, böyüklər üçün olan stomatoloqlara müraciət etdikdə rutin olaraq uşaq pasientlərləişləmədikləri üçün fərqli yanaşmalar olur. Eyni zamanda uşağa yanaşma uşaq stomatoloqlarındakı kimi ola bilmir, əksər hallardamüayinə kabineti də buna uyğun olmur.

Ölkəmizdə bu ixtisasda kifayət qədər mütəxəssisləşmiş uşaq müayinə qaydalarına uyğun şəkildə pasient qəbul edən həkimlərimiz var.

Müayinəyə getdikdə həkim uşağın yaşına uyğun məcun, fırça baxım məsləhətləri verir. Bəzən dişlərdə aşınma, kariyesə meyillilik çoxdursa lokal ftor tətbiq edir və ya preparat məsləhət görür.

Ftor zərərlidirmi?

Təəssüf ki, cəmiyyətdə ftora qarşı bir tərəddüd vardır. Lakin statistika və elmi araşdırmalar göstərir ki,1450ppm-i keçməyəcək dozda ftor istifadəsi kariyesin qarşısının alınmasında mühüm roloynayır. Əsasən 3 yaşdan böyük uşaqlarda ftor tərkibli məcunlarla diş fırçalamaq daha məqsədə uyğundur.

İlk müayinədə biz qidalanma ilə bağlı da məsləhətlər veririk.Məsələn paketli, şəkərli qidalar və ya qazlı içkilər tövsiyə etmirik.Qəbul ediləcəksə belə gündə bir dəfə tövsiyə edirik. Hər şəkərli qidalanma sonrası ağız içində ph dəyişdiyi üçün kariyes üçün əlverişli mühit yaranır. Mümkünsə bu qidalanmalardan sonra ya diş fırçalanmalı ya da su qəbulu olmalıdır.

Ara qidalanmalar sonrası pendir, kök, alma kimi ph neytrallaşdıran qida istifadəsi daha məqsədəuyğundur. Uşaqlarda ara qidalanmaları nə qədər minimumda tutsaq o qədər yaxşıdır. Xüsusi ilə karbonhidrat, şəkərli ara qidalanmalar sonrası təmizliyə riayət etmək çox çətindir.

Süd ilə qidalanan uşaqlarda isə ən çox qarşılaşdığımız problem əmziyin mürəbbə, bal kimi qidalara təmas etdirilərək istifadəsidir. Bu da yanlış addımlardan biridir, mümkün qədər əlavə şəkər təması olmamalıdır.

 

Nəzrin Rəsulzadə 

Həkim-stomatoloq