İnklüziv təhsil nədir və əlliliyi olan uşaqlar üçün hansı üstünlükləri vardır?

İnklüziv təhsil fərdi və digər insanlarla olan fərqləri nəzərə alaraq, ehtiyaclarına uyğun müvafiq dəstək və təhsil xidmətlərindən faydalanaraq bütün şagirdlərin birlikdə öyrənməsinə dəstək verən təhsil yanaşmasıdır. İnklüziv təhsildə bütün şagirdlərin birgəöyrənməsi vacibdir və hər bir şagirdin dərslərdə, fəaliyyətlərdə və öyrənmə imkanlarında iştirakı gözlənilir. Müəllimlər normal inkişaf edən və xüsusi qayğıya ehtiyacı olan şagirdləri nəzərə almaqla hər cür fəaliyyət təşkil etməlidir. Həmçinin, bütün şagirdlər üçün və onların ehtiyaclarını ən yaxşı şəkildə ödəmək üçün digər ekspertlər və təşkilatlarla əməkdaşlıq edərək planlar hazırlayırlar. Bu kontekstdə inklüziv təhsil təkcə əlilliyi olan şəxslərə aid deyil.İnklüziv təhsil cəmiyyətdə mövcud ola bilməyən, cəmiyyət tərəfindən kənarlaşdırılan, təhsildə imkan bərabərsizliyindən əziyyət çəkən, təhsil almaqda çətinlik çəkən uşaqlar üçün yaradılmış təhsil prosesi və proqramıdır. İnklüziv təhsil tamamilə uşaqların ehtiyaclarına uyğun hazırlanır. Beləliklə, təlim uşaqlar üçün keyfiyyətli olur və onların iştirak, diqqət, faiz dərəcələri yüksəlir.

İnklüziv təhsilin hansı üstünlükləri vardır? İnklüziv təhsildə əlilliyi olan uşaqlara onlara uyğun təhsil sistemi təklif olunur. Təhsil bütün uşaqların ehtiyaclarına uyğun təşkil edilir və təhsildə imkanların bərabərsizliyinin qarşısı alınır.
Əlilliyi olan uşaqların öz həyatlarında yüksək özgüvəni olması təmin edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 11 fevral tarixli, 43 saylı Qərarına əsasən təhsil müəssislərində inklüziv təhsilin təşkili məsələləri tənzimlənir. Həmin Qərara əsasən müəssisədə psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait olduğu halda, həmin müəssisədə əlilliyi olan uşaqların sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi məqsədilə inklüziv təhsil sinifləri yaradılır.Əlilliyi olan uşaqlar inklüziv təhsil sinfi təşkil olunan müəssisəyə aşağıdakı şərtlər nəzərə alınmaqla qəbul olunurlar:

• Sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olması (sanitar qovşağından istifadə, əlini yuma, qida qəbulu və s.);

• Sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olmaması;

• Müəssisənin pedaqoji heyətinin sağlamlıq imkanları məhdud uşaqla təlim-tərbiyə işinin təşkili üçün səriştələrinin (kompetensiyalarının) olması;

• Sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması;

• Müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün müyəssər olması.

Müəssisədə inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir. İnklüziv təhsil təşkil edilən müəssisədə nitq pozuntusu olan uşaqlara kömək məqsədilə mütəxəssis üçün otaq və zəruri avadanlıqla təchiz edilməklə loqopedik xidmət təşkil olunur.İnklüziv təhsil sinfində təhsil alan əlilliyi olan uşağın sinifdə, qrup və fərdi məşğələlərdə iştiraketmə müddəti onun sağlamlıq imkanları nəzərə alınaraq müəssisənin rəhbəri tərəfindən təsdiq edilən fərdi tədris planı ilə müəyyənləşdirilir. 

Heç də bütün təhsil müəssisələri inklüziv siniflər təşkil etmək imkanlarına malik deyil. Çox az sayda məktəblərdə inklüziv siniflər təşkil edilmişdir. Təhsil Nazirliyinin saytında verilmiş məlumata əsasən Bakı şəhərində 138, 202 saylı məktəblər, 220, 246, 252 nömrəli məktəb-liseylərdə bu siniflər təşkil edilmişdir.

 

Pərviz Əliyev

Ailə və uşaq məsələləri üzrə ekspert