Körpələrin hərəkətləri başlanğıcda...
Bütün uşaqların aktiv olmasının vacibliyindən danışmaq istəyirik. Bu, həm adi uşaqlara, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqlara aiddir. Aktiv olan uşaqlar daha məmnun, daha xoşbəxt və inkişaf etmək imkanı əldə edirlər, passiv uşaqlar isə kədərlənməyə, öz dünyasına girməyə, aqressiv olmağa meyllidirlər. Aktiv öyrənmə metodunu Danimarkalı xüsusi təhsil üzrə məsləhətçi və psixoloq Lilli Nilsen inkişaf etdirib. Aktiv öyrənmə “bütün uşaqlar öyrənə bilər” inancına əsaslanır. Bu nəzəriyyənin əsas məqsədi odur ki, böyüklər (valideynlər və uşaq inkişafı mütəxəssisləri) uşaqları aktiv öyrənmə prosesinə həvəsləndirən mühit və situasiyalar yaratmalıdırlar, özləri müdaxilə etməməlidirlər. Böyüklər nə fiziki olaraq uşağın hərəkətlərini yönəltməməlidir, nə də uşağa nə etməsini deməməlidir. Əvəzinə böyüklər öyrədici mühit yaratmaqla və uşağa maraqlı, təhlükəsiz materialları təqdim etməklə onları öyrənmə prosesinin sərbəst və fəal iştirakçısı olmağa həvəsləndirməlidirlər. Daha böyük effektə nail olmaq üçün ətraf mühit “həssas” (responsive) olmalıdır. Yəni uşaq hər hansı bir hərəkət edəndə və ya hər hansı bir əşyaya toxunanda mütləq hər hansı bir nəticə baş verməlidir.
Aktiv öyrənmə kimlər üçün və hansı bacarıqları inkişaf etdirmək üçün istifadə olunur:
· Görmə problemləri olan uşaqlar üçün (bütün avadanlıq)
· Çoxsaylı əlilliyi olan uşaqlar üçün (bütün avadanlıq)
· Yeriyə bilməyən uşaqlar üçün (məsələn, Hopsa)
· USİ-li uşaqlar üçün (məsələn, Hopsa)
· Çox passiv uşaqlar üçün (məsələn, Kiçik Otaq)
· Qavrama bacarıqların inkişafı üçün (məsələn, multifunksional masa)
· Sensor stimulyasiya üçün (məsələn, ayaqaltı)
· Kiçik motor bacarıqların inkişafı üçün (məsələn, sensor lövhə)
· Ətraf mühit haqqında anlayışını inkişaf etdirmək üçün (məsələn, Kiçik Otaq)
· Davranış problemləri olan və aqressiv uşaqlar üçün (məsələn, aktiv öyrənmə jileti)
Nəzəriyyənin arxasında duran fəlsəfə belədir: bütün uşaqlar öyrənə bilər. Ancaq uşaqlar çox fərqli sürətlə öyrənirlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar tipik uşaqlardan daha çox inkişaf etmək üçün daha çox vaxta ehtiyac duyurlar, həm də kiçik addımlar atırlar. Öyrənmə, uşağın ətrafındakı mühit əlverişli və uyğunlaşdırılmış olduqda baş verir, ona görə də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyərkən ətraf mühiti onlar üçün maraqlı etmək çox vacibdir.
Bütün uşaqlar inkişafda eyni mərhələlərdən keçir:
· Bir əşyanı tam tuta bilməmişdən əvvəl (təxminən 3 ay) onu tutmalı və yerə atmalıyıq.
· Oturmadan əvvəl yerdə yuvarlanmağı öyrənməliyik.
· Gəzməyi öyrənməzdən əvvəl oturmağı öyrənməliyik.
· Paltarı geyinməzdən əvvəl paltarı necə çıxarmağı öyrənməliyik, çünki bu daha asandır.
İnkişafda heç bir addımı atlaya bilməzsiniz. Hər kəs inkişafın bütün pillələrini keçməlidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və böyüklər adətən yaşlarından daha aşağı inkişaf mərhələsində olurlar. Uşağın 10 yaşı ola bilər, lakin o, körpə, 3 və ya 5 yaşlı uşaq kimi davrana bilər. Bu o deməkdir ki, biz uşaq üçün maraqlı və uyğun fəaliyyətlər tapa bilməmişdən əvvəl onun zehni olaraq neçə yaşında olduğunu öyrənməliyik. Biz bunu uşağın hansı inkişaf mərhələsində olduğunu öyrənmək üçün edirik. Bu bizə uşaq üçün düzgün mühiti qurmaq və düzgün oyun oynamaq, reabilitasiya üçün çox vacib faktordur.
Misal: üç aylıq körpəyə leqo versəniz, körpə onunla oynamayacaq. O, passiv qalacaq, çünki leqo onun inkişaf səviyyəsinə uyğun deyil və ondan necə istifadə edəcəyini başa düşmür.
Ola bilsin ki, bəzi uşaqlar illər boyu bir səviyyədə dayanacaqlar, lakin onların səviyyəsinə uyğunlaşdırılmış oyun və oyuncaqlarla uşağa yanaşmaq vacibdir. Buna görə də, uşağın hansı yaşda olmasından asılı olmayaraq, uşağın ətrafındakı mühitin düzgün səviyyədə olması çox vacibdir. Bu, uşağa inkişaf etmək və öyrənmək imkanı verir.
Uşaqların ətraf mühitdə kəşf etdikləri əşyalar\oyuncaqlar müxtəlif əlamətlərə malik olmalıdır. Uşaqlar bir-birinə bənzər obyektləri müqayisə edərək öyrənirlər. Köhnə bilikləri yeni biliklərlə əlaqələndirməyi öyrənirlər. Buna görə uşağa yalnız rəngi, forması, materialı ilə fərqlənən bir neçə obyekt təklif etməlisiniz, məsələn:
· tutmağı asan olan sirkələmək üçün oyuncaqlar,
· fərqli temperaturlu obyektlər: plastik, metal, taxta,
· fərqli çəkidə, ölçüdə olan oyuncaqların seçilməsi
· dad və iy verən əşyalar\oyuncaqlar
· formasını dəyişə bilən obyektlər; xəmir, plastilin, süngər, kinetik qum və s.
· fərqli material və teksturalı əşyalar\obyektlər
Gündəlik həyatda istifadə olunan əşyalardan, obyektlərdən istifadə etmək məqsədəuyğundur. Məsələn, mətbəx əşyalarından istifadə etmək olar. Plastik fincanlar, butulkalar, qutular, qaşıq və müxtəlif yemək alətləri və. istifadə etmək mümkündür. Məsələn,
qablaşdırmada qırılmadan qoruyan qabarcıq örtük və ya şokolad qutularından çıxan içlik fərqli səslər çıxarır və uşağın toxunması üçün fərqli teksturaya malikdir.
Uşağa təklif etdiyiniz əşyalar ağıza, qollara və ayaqlara yaxın olmalıdır ki, hər bir hərəkət əks əlaqə verə bilsin və uşağı hərəkəti təkrar etməyə həvəsləndirsin.
Körpələrin hərəkətləri başlanğıcda məqsədsiz olur. Buna görə də uşağın ətrafını elə qurmaq vacibdir ki, uşaq öz hərəkətlərini təkrarlaya bilsin. Körpənin məqsədli hərəkəti bir hərəkəti yüzlərlə dəfə təkrar etməsi nəticəsində baş verir.
Qarşılıqlı əlaqə - uşaqla necə qarşılıqlı əlaqə qurulmalıdır?
· Uşağın etibarını qazanın. Uşaqla oynamayın, uşağın yanında oynayın. Uşağın sevdiyi oyuna, fəaliyyətə daxil olduğumuz zaman ona hörmət etmiş oluruq. Onlardan ilk öncə qoşulmağı tələb etməyin. Əgər qoşulmaq istəməyib geri addım atarsa da ona hörmət və anlayışla yanaşın. Uşağın güvənini qazanmaq dəqiqələr və ya aylar tələb edə bilər. Uşaq özünü güvəndə hiss etdiyi zaman oyuna qoşulmağa başlayacaqdır.
· Həmişə eyni əşyalardan ikisi olsun ki, uşağın sizi təqlid etmək imkanı olsun. Siz uşağı qarşılıqlı əlaqəyə dəvət edirsiniz və uşaq istəsə iştirak edə bilər. Siz həmçinin uşağı təqlid edə bilərsiniz və bu şəkildə onu anlamağınızı göstərə bilərsiniz - "Etdiyin iş mənim xoşuma gəlir"
Uşağın sizə olan yanaşmalarına cavab verin. Təbii ki, eyni zamanda bir neçə uşaq üçün məsuliyyət daşıyırsınızsa, bu, əlbəttə ki, çətin ola bilər! Uşaq ətrafdakılardan heç bir cavab almasa, passivləşəcəkdir. Bütün təşəbbüslərə cavab verin, "bax, top yuvarlanır" və ya "tikdiyin hündür qülləyə bax". Uşağa nə qədər ağıllı olduğunu demək əvəzinə, nə etdiyini təsvir etmək vacibdir.
· Uşaq nəyisə öyrənməmişdən əvvəl özünü təhlükəsiz hiss etməlidir. Hər uşaq invidualdır və uşağa uyğunlaşdırmaq lazımdır. Uşaq özünü təhlükəsiz hiss etdikdə, uşağın hələ həyata keçirə bilmədiyi yeni fəaliyyətləri təqdim edə bilərsiniz. Bu yolla onlar yeni bacarıqlar öyrənəcəklər – inkişaf edəcəklər. Bu xüsusilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çox vacibdir.
Uşaq əşyaları tökəndə geri qoyuruq
· Proses çox vaxt apara bilər. Çox böyük irəliləyiş gözləməyin. Passiv bir uşağın aktiv olmağı öyrənməsi çox vaxt aparacaqdır. Səbirli olmağa çalışın və uşaqlarda kiçik dəyişiklikləri görmək üçün bir-birinizə kömək etməyə çalışın!
Uşağa fəaliyyətlərdə ustalaşdığını hiss etməsinə icazə verin! Bu, onun özünəinamı üçün vacibdir. Buna görə də uşağa lazım olduğundan daha çox kömək etməməyiniz vacibdir. Qoyun, uşaq banka açsın, şarı partlatsın, özü yesin. Uğurluluq hissi inkişafı sürətləndirir. Uşağa uğur qazanmaq imkanı verin
· Kömək etməməyə çalışın. Həddindən artıq kömək uşağın özgüvənini zədələyəcəkdir. Əllərimizlə müdaxilə etməmək vacibdir.
· Vacib olan nəticə deyil, proses önəmlidir!! Məsələn, əli oyuncaq çəkiclə mismar vurmaqdan məmnundur. O, qayıq düzəltmək istəmir. Bu onun üçün çox çətindir. Nəticəyə ən çox diqqət yetirən yetişkinlərdir, uşaq deyil.
· Uşağın olduğu inkişaf mərhələsi və uşağın emosional səviyyəsini öyrənmək və oradan başlamaq vacibdir.
Aktiv öyrənmədə istifadə olunan avadanlıqlar:
· Hopsa
· Kiçik otaq
· Aktiv Öyrənmə jileti
· Multifunksional masa
· Sensor lövhə
· Rezonans lövhəsi
· Ayaqaltı
· Aktiv Öyrənmə çamadanı
Lalə Vəliyeva
Uşaq inkişafı mütəxəssisi, uşaq psixoloqu
Fikriniz
0
0