Uşaq inkişafı çox mürəkkəb və çoxşaxəlidir. Uşaqlarda baş verən xəstəlikləri, məsələn qızdırma, yıxılanda yaraları (zədələri), zəif görməni asanlıqla seçə bilirik, bu kimi halları aydın görə bilirik. Ancaq bəzən uşaqlarda baş verən öyrənmə çətinliyi, davranış problemi yaxud "pis davranış"ın səbəbini sezə bilmirik. Uşaqlarda baş verən bu cür halların olması çox zaman qeyri adekvat sensor inteqrasiyadan qaynaqlanır. Sensor inteqrasiyası terminini ilk dəfə 50 il öncə Djeyn Ayres adlı, ABŞ-nın Oklaxoma ştatında yaşayan psixoloq və nitq terapevti təklif edib. Bundan əlavə Ayresin tədqiqatları öyrənmə çətinlikləri olan uşaqların 70%-də sensor inteqrasiyanın pozulması olduğunu göstərmişdir. Sensor inteqrasiya baş beyində şüuraltı gedən bir prosesdir.
Hissiyat orqanları vasitəsilə ətraf mühitdən məlumat alınır. Alınmış məlumatın mənası müəyyənləşdirilir, emal olunur və olduğumuz situasiya dərk edilir. Və bu da öz növbəsində sosial davranış üçün baza formalaşdırır və adekvat reaksiya verib hərəkət etməyə imkan yaradır. Hissiyyat orqanlarını “beyin üçün qida“ kimi düşünə bilərsiz, onlar bədəni və zehni yönləndirmək üçün lazım olan enerji və bilikləri təmin edirlər. Amma düzgün təşkil olunmuş hissiyyat prosesləri olmadan ətraf mühitdən gələn qıcıqlar həzm oluna bilməz və beyni qidalandıra bilməz və nəticədə beyin qeyri-adekvat cavab reaksiyası göndərdiyi üçün davranışlarımız situasiyaya uyğun olmaz (məs: toxunmaya qarşı həddindən artıq həssaslıq, tozsoran səsinə qulaqlarını bağlayaraq, qışqırıb-ağlayaraq reaksiya vermək, heç bir tibbi səbəbi olmadan müəyyən qidaları yeməkdən imtina və s.) və nəticədə öyrənmə prosesində çətinliklər yaşanır. Bu hallarda öyrənmə prosesini dəstəkləmək üçün Sensor terapiya şərtdir. Digər öyrənmə çətinliklərinə istiqamətlənmiş yanaşmalardan fərqli olaraq, sensor proseslərə bağlı öyrənmə çətinliklərində Sensor terapiyadan istifadə edilir ki, o, standart bacarıqları öyrətmir. Beynin anlama, qavrama və motor planlaşdırma qabiliyyətini artırmaq məqsədi daşıyır.
Sensor inteqrasiyası disfunksiyası beynimizin bədənimizin xarici (dad, qoxu, toxunma, eşitmə, görmə) və daxili( vestibulyar hissiyyat və propriosepsiya hissi) duyğu sistemi tərəfindən qəbul edilən müəyyən məlumatları inteqrasiya edə bilməməsi səbəbindən inkişaf edən nevroloji bir haldır. Bu duyğu sistemləri görüntülərin, səslərin, qoxuların, dadların, işığın, ağrının və bədən hərəkətlərimizin qəbulundan məsuldur. Bundan sonra beynimiz bütün bu məlumatlardan istifadə edərək bədənimizin ətraf mühiti qavraması və uyğun reaksiyalar yarada bilməsi üçün şəkil yaradır.
Səbəbləri və əlamətləri
Uşaqların əksəriyyəti xaricdən gələn qıcıqlara adaptasiya olma və motor planlama bacarıqlarını inkişaf etdirən sensor inteqrasiyanı əsasən gündəlik həyatları, aktivitələri sayəsində qazanırlar. Amma bəzi uşaqlarda sensor inteqrasiya kifayət qədər inkişaf etmir və sensor inteqrasiya problemi olan uşaqlar xarici qıcıqlara qarşı planlı avtomatik və situativ şəkildə cavab verməkdə çətinlik çəkirlər, bu da öz növbəsində uşaqların öyrənməsində və davranışında problemlərə yol açır.
Niyə sensor inteqrasiya problemi yaranır?
· Beyin sinir hüceyrələrində yaranan əlaqə pozğunluğuna görə qıcığı qəbul edə bilmir
• Qıcıqlar qeyri-müntəzəm və yaxud müntəzəm qəbul edilir, lakin digər sensor
mesajlarla düzgün əlaqələndirilə bilmir.
Səbəbləri
· irsi meyllilik;
· hamiləlik dövründə bəzi dərman preparatlarının qəbuluna olan reaksiya;
· hamiləlik dövründə spirtli içki və narkotik maddələrdən istifadə;
· erkən doğuş;
· doğuş travması (asfiksiya, təcili Keysəriyyə əməliyyatı);
· məlum olmayan səbəblər.
Hissiyyat orqanları xarici və daxili olmaqla 2 qrupa bölünür:
Xarici hissiyyat orqanlarına görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma hissləridir, xarici stimullara reaksiya verirlər və biz onların fəaliyyətini nəzarətdə saxlamağı bacarırıq.
Daxili hissiyyat orqanları taktil, vestibulyar və propriosepsiya hissləridir və bədənin daxilindən gələn stimullara reaksiya verirlər. Biz onları görə bilmirik və onların fəaliyyətini nəzarətdə saxlamağı bacarmırıq.
Taktil hissiyat – Bədənin ən erkən inkişaf etmiş hissiyyat sistemlərindən biri olan toxunma-taktil hissiyyat yüngül toxunuş, titrəyiş, təzyiq, isti və ağrı haqqında informasiya verir. Dərimiz vasitəsilə toxunuruq , informasiyanı alıb emal edirik.
· Toxunduğumuz cismin sərt, yumuşaq, isti, soyuk, hamar, nahamar olmasını
· Üzümüzə vuran küləyin şiddətini
· Geyindiyimiz paltarın teksturasını
· İsti bir yerə dəyən əlimizin yandığını
· Corabımızın quruluşunu
· Ayaqqabımızın içində daş olduğunu
· Havanın isti və ya soyuq olduğunu taktil hissiyyat vasitəsilə hiss edirik.
Taktil qıcıqlara qarşı hiperhəssas reaksiya zamanı:
· Taktil hissiyyat toxunma reseptorları tərəfindən hiss edilən qıcıqların həddindən çox
o qəbulu və bunun nəticəsində toxunma hissinə aşırı reaksiya verməkdir.
· Üzünə toxunulmasını, üzünün yuyulmasını istəməmək
· Yüngül toxunulmaya qarşı aşırı reaksiya göstərmə
· Saçlar tərs yönə doğru darananda, papaq saçları pozanda, qolları aşağıdan
Yuxarıya doğru sığallayanda aşırı reaksiya vermək
· Saçlarının kəsilməsini və saçlarıyla oynanmasını istəməmə
· Həddindən cox qıdıqlanma
· Yüngül ağrılara çox reaksiya vermə
· Dırnaqlarını kəsdirməkdən narahat olmaq
· Qucaqlaşmaq istəməmək
· Əldə yara bantı, kinetik qum, plastilin kimi bir şey olanda aşırı narahat olma
· Fiziki bir problem olmamasına rəğmən yerdəki hisslərdən qaçmaq üçün barmaq
· ucunda gəzmək
· Bəzi paltarları geyinmək istəməmək. Məsələn, yun və dar paltarlar
· Soyuq havalarda belə papaq, şərf və əlcəklərdən narahat olmaq
· Koftanın qollarının və ya şalvarının ətəyinin qatlanmış olmasını istəməmək
Taktil qıcıqlara qarşı hipohəssas reaksiya zamanı:
Taktil hissiyyat toxunma reseptorları tərəfindən hiss edilən qıcıqların az qəbulu və bunun nəticəsində toxunma hissinə zəif reaksiya verməkdir.
· Ona toxunulduğunu hiss etməmək
· Bədənindəki çirki hiss etməmək, burnun axdığını, ağzının kənarında yemək
o qalıntısı olduğunu hiss etməmək.
· Saçlarının dağınıq olduğunu, saçına bir şeyin taxıldığını hiss etməmək
· Corablarının, koftasının qolunun və ya ətəyinin islandığını hiss etməmək
· İstiyə qarşı reaksiyasız olmaq, isti yerlərdə tərlədiyini fərq edib jaketini çıxartmamaq, soyuk yerdə jaket geyinməmək
· Bədənindəki kəsiklərə, cızıqlara qarşı reaksiya verməmək, bədəni bir yerə dəyəndə hiss etməmək
· Ağrı hissinin az olması
· Acı, çox isti və ya çox soyuq yeməklərə reaksiya verməmək
· Əşyaları yerə düşəndə hiss etməmək
Taktil hissetmənin axtarışında olan uşaqlar:
· Kiminsə onu qıdıqlamasını və ya sığallamasını çox sevir və istəyir
· Hər şeyə toxunmaq və hiss etmək istəmək
· Nələrəsə və ya insanlara toxunmağı xoşlamaq
· Özünü sığallamaq, dişləmək, əllərini bir-birinə vurmaq
· Tanımadığı insanlara belə toxunmaq, dəymək istəyi
· Yumuşaq və tüklü cisimlərə daha çox toxunma istəyi
Vestibulyar hissiyat:
Bədənin hərəkəti və tarazlığı haqqında informasiya alır, emal edir və daxili qulağımızda yerləşir;
Propriosepsiya hissi:
Əzələlər, oynaqlar və vətərlər.Bədənin məkanda vəziyyəti haqqında və bədənin ayrı-ayrı hissələrinin bir-birilə müqayisədə olan vəziyyəti haqqında informasiya alır və emal edir.
Propriosepsiya vasitəsilə biz aşağıdakıları hiss edə bilirik:
Bədənimizin vəziyyətini və pozamızı;
Bədənimizin etdiyi hərəkətin istiqamətini və sürətini;
Hərəkət etmək və ya oynaqlarımızın müəyyən bir vəziyyətdə saxlamaq üçün tələb olunan əzələ gücünün səviyyəsini.
Propriosepsiya disfunksiyasının 2 növü ayırd edilir:
Sensor duyğuların axtarışı;
Hərəkətin nizamlamasında çətinliklər.
Sensor duyğuların axtarışı:
• Şkafların qapılarını zərblə bağlayır;
• Tez-tez bilərəkdən özünü yerə yıxır;
• Müxtəlif əşyaları itələməyi və ya sürüməyi xoşlayır;
• Saatlarla batutda hoppanmağı xoşlayır;
• Mebellərin üstündən və digər hündür yerlərdən tullanmağı xoşlayır;
• Qələm, çubuq, köynəyinin qolunu və s. çeynəməyi xoşlayır;
• Başqa uşaqları tez-tez vurur, itələyir, özünü onların üstünə yıxır;
Hərəkətin nizamlamasında çətinliklər:
• Hər hansı bir fəaliyyət zamanı (məsələn, əlini paltonun qoluna salmaq) əzələlərinin nə qədər bükülməsi və ya açılması lazım olduğunu qiymətləndirə bilmir;
• Yazısı həddən artıq səliqəsiz olur, yazdığını pozmaq istədikdə isə hətta kağızı cırır;
• Tez-tez oyuncaqlarını və digər əşyaları sındırır;
• Əşyanın çəkisini düzgün qiymətləndirə bilmir;
• Elə təəssürat yaranır ki, bütün fəaliyyətlərində həddən artıq qüvvə sərf edir: yeriyən zaman, əşyanı götürən zaman (həddən artıq sıxır), qapını zərblə çırpır, əşyanı yerə səs-küylə qoyur.
Beynəlxalq Sensor inteqrasiya qurumununa görə aşağıdakılar sensor inteqrasiya pozulmasında tez-tez rast gəlinən göstəricilərdir:
Toxunmaya, səsə, görüntüyə və hərəkətlərə aşırı həssaslıq
• Toxunma, səs, görüntü və hərəkətlərə yetərsiz reaksiya vermək
• Diqqət dağınıqlığı
• Sosial və emosional problemler
• Həddindən çox və ya həddindən az aktivlik səviyyəsi
• Fiziki yöndəmsizlik və ya açıq-aşkar diqqətsizlik
• Özünü idarə edə bilməmək
• Bir vəziyyətdən digərinə keçməkdə çətinlik yaşamaq
• Sakitləşə bilməmək
• Özünü qeyri-adekvat hiss etmək
• Nitq, dil və motor bacarıqlarında geriləmələ
• Akademik inkişaf ləngiməsi
Sensor inteqrasiya problemlərinin erkən əlamətləri:
(0-6 ay)
• Qucaqlanmağa qarşı müqavimət
• Toxunulmağı sevməmək
• Ana südü ilə qidalanmada çətinlik, qidalanmada çətinliklər
• Göz təmasından qaçmaq və ya etməmək
• İşıqdan narahat olmaq
• Arxasıüstü vəziyyətdə narahatlıq
• Hərəkət etdiriləndə ağlamaq
• Havaya qaldırılmağı sevməmək
• Oyuncaqlara baxmamaq, onlara fikir verməmək, əl uzatmamaq
• Səslərin fərqində olmamaq
• Yuxu problemləri
• Bezi dəyişdirmək və çimmək zamanı narahatlıq
• Oyuncaqları ağzına aparmamaq, kəşf etməmək
(6-12ay)
• Əmmə, çeynəmə, udma qabiliyyətinin aşağı olması
• Yeni qidalara alışa bilməmək
• Ağza bir şey qoyulduqda öğürmə və qusma
• Altının kirləndiyinin fərqinə varmamaq
• Ətrafındakı insanlar narahat olmaq
• Rutindən kənara çıxmağa dözə bilməmək
• Həmyaşıdlarına nisbətən daha əsəbi və həssas olmaq
• Tanıdığı səslərə qarşı laqeydlik və ya gec reaksiya vermək
• Diqqəti cəmləyə bilməmək, qarşılıqlı əlaqədə çətinliklər
• Aşağı əzələ tonusu, fiziki fəaliyyətdə geridə qalma
• Oturmaq üçün həmişəkindən daha çox dəstəyə ehtiyac duyulur və ya otura bilmir
• Başın arxaya hərəkətindən narahat olmaq
• Gün işığına uyğunlaşmaqda çətinlik
(2-4 yaş)
Qucaqlaşmağı sevməmək
• Oturmaq və bir fəaliyyətə diqqət yetirmək istəməmək
• Saç və ya üz yuyulduqda stressə girmək, saç dırnaq kəsdirmək istəməmək
• Qarışıq oyun mühitində diqqətini toparlaya bilməmək
• Oyun parklarından uzaq durmaq, fiziki aktivitələrə reaksiyalar
• Sallanma və tullanma kimi sabitliyi pozan fəaliyyətlərə və ayağın yerlə əlaqəsinin
itirdiyi yerdə reaksiyalar
• Ətrafda olan əşyalara toqquşma, təhlükələri tanıya bilməməsi
• Zəif, yöndəmsiz görünüş, tez-tez yıxılmaq
• Sərt, qeyri-ərzaq əşyalarını çeynəmək istəyi
• Stəkandan içməkdən imtina
• Adını çağıranda gec reaksiya vermək
• Əl bacarıqları, kiçik motor bacarığı tələb edən işlərdən qaçmaq(məsələn,
qələm\qaşıq tutmaq, kağız cırmaq\kəsmək)
• Sadə geyinib soyunma işlərində çətinlik çəkmək.
Məktəb dövrü
• Diqqətini verməkdə və yeni biliklər öyrənməkdə çətinlik çəkmək
• Qələm tutmaqda, yazmaqda çətinlik çəkmək, qələmi zəif tutmaq və ya çox basdırmaq
• Motor planlama tələb edən oyunlarda və fiziki fəaliyyətlərdə iştirak etməmək
• Əzələ tonusunun zəifləməsi, arxa və qarın əzələlərində zəiflik, məktəbdə və evdə uzun müddət dik otura bilməmək, əyilərək oturmaq
• Ayaq ucunda yeriməyə meyllilik
• Yazı yazma problemləri, hərflərin səhv yazılması
• Dostluq etməkdə, yeni mühitlərə girməkdə çətinlik
• Özünü ifadə etməkdə çətinlik çəkmək, özgüvən əskikliyi
• Qrup fəaliyyətlərində çətinlik çəkmək
• Balans problemləri, tez yorulmaq.
Lalə Vəliyeva
Uşaq inkişafı mütəxəssisi, uşaq psixoloqu